📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

10 noyabr bəyanatının bir ili - regionda nələr dəyişdi...

2021-11-11 10:37:00

10 noyabr bəyanatının bir ili - regionda nələr dəyişdi...

Düşmən məğlubiyyətini imzası ilə təsdiq edib; politoloqlar deyir ki, Ermənistanın götürdüyü öhdəlikləri icra etməkdən başqa yolu yoxdur.

10 noyabr üçtərəfli bəyanatının imzalanmasından 1 il ötdü. 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasını təmin edən bu sənəd Ermənistanın müharibədə məğlubiyyətini anlayaraq kapitulyasiya aktını imzalaması kimi də qəbul edilir. Bəs bu sazişə aparan yol, səbəbləri, mahiyyəti və nəticələri barədə nələri xüsusi qeyd etmək olar?

Ötən il sentyabrın 27-də rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb. Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatlarına o zamankı bütün cəbhəboyu istiqamətlərdə start verilib. Müharibə dövründə Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqları hər gün kəndbəkənd, şəhərbəşəhər azad edib. Azərbaycanın əzəli torpaqlarını işğal edən və bu torpaqlarda yaşayan azərbaycanlıları ata-baba yurdlarından didərgin salan düşmən isə döyüş meydanında məhv edilib. Düşmənin sağ qalan silahlıları isə torpaqlarımızdan qovulub. Hər gün yeni-yeni qələbələrə imza atan Azərbaycan hərbçisi nəinki erməni işğalçılarını məhv edib və torpaqlarımızdan qovub, hətta düşməndən qənimət kimi ələ keçirdiyi hərbi texnikalardan və silah-sursatlardan elə ermənilərin özlərinə qarşı istifadə etməyə başlayıb. Azərbaycan Ordusunun döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət düşməni lərzəyə gətirib. Ona görə də bu qəhrəmanlığın qarşısında duruş gətirə bilməyən erməni hərbçiləri təkcə döyüş meydanından deyil, eləcə də ordudan qaçmağa başlayıblar.

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi - XƏBƏRLƏR » Tədbirlər

Məhz bu səbəbdən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunda fərarilərin sayı on minlərlə olub. Ordumuzun hələ döyüş əməliyyatlarının başlanıldığı ilk gündə bir neçə yaşayış məntəqəsini işğaldan azad etməsi düşmənin şəxsi heyəti arasında vahimə və qorxu yaradıb. Hər addımda məhv edilən düşmən hərbçiləri çıxış yolunu yalnız geri çəkilməkdə görüblər və sağ qalanlar bununla canlarını qurtarmağa çalışıblar. 44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun bir neçə kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub. Azərbaycan Ordusunun noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi düşmənin faktiki olaraq məğlubiyyətinə səbəb olub. Artıq həm şəxsi heyət, həm də hərbi texnika və silah-sursatının tükəndiyini görən Ermənistanın hərbi-siyasi rəhbərliyi məğlubiyyətini anlayıb və atəşkəslə bağlı sənədi imzalamağa razılıq verib. Bununla da rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur edib. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da sülh yolu ilə Azərbaycana qaytarılıb. Əvvəlcə bəyanatın üç ölkənin başçısı tərəfindən videokonfrans vasitəsilə imzalanması nəzərdə tutulub. Amma sonradan Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli bəyanatı dünya ictimaiyyəti qarşısında imzalamaqdan imtina edib. O, ölkəsinin kapitulyasiya aktına gizlincə imza atıb.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu 

Üçtərəfli bəyanat zərurət idimi? Sənəddəki elə bir bənd varmı Azərbaycan ona əməl etməsin? Ermənistanın hələ də bir sıra bəndlərin tələblərini icra etməməsi gözlənilən idimi?

Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan 2020-ci ildə 44 gün çəkən müharibədə Ermənistanı və erməni separatçılarını məğlub etdi: “Ermənistan ordusu Şuşa şəhəri üzərində nəzarəti itirdikdən sonra Xankəndini itirmək təhlükəsi ilə üzləşdi. Bundan başqa, erməni separatçılarının Dağlıq Qarabağdakı silahlı qüvvələri mühasirəyə düşə bilərdi. Buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan müharibəni dayandırmaq məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciət etdi. Rusiya müharibənin ilk günlərindən savaşı dayandırmaq məqsədilə bölgəyə rusiyalı sülhməramlıların yerləşdirilməsini istəyirdi. Azərbaycan Prezidenti müharibə günlərində xarici jurnalistlərin sülhməramlılarla bağlı sualına belə cavab vermişdi: ”Sülhməramlılar gələcəkdə müzakirə olunmalıdır. Hazırda Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağdan çıxarılmalıdır. Biz sülhməramlıların harada və necə yerləşdiriləcəyini və onların funksiyalarının nədən ibarət olduğunu bilmirik". Bu açıqlama veriləndə hələ nə Şuşa işğaldan azad olunmuş, nə də Nikol Paşinyan İlham Əliyevin “İrəvan bizə işğal altındakı bölgələri nə zaman boşaldacağı tarixi verəndən sonra müharibəni dayandıracağıq” tələbini qəbul etmişdi. Sülhməramlılar mövzusu Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin oktyabrın 9-da Moskvada görüşündə müzakirə olunmuşdu. Xarici işlər nazirləri arasında müzakirələr 11 saata yaxın uzanmışdı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müzakirə müddətində bir neçə dəfə Bakıya zəng etmişdi. Rəsmi Bakı sülhməramlıların bölgədə yerləşdirilməsinə razılaşmamışdı. Çünki hələ azad olunması vacib olan ərazilər var idi.

Vladimir Putin noyabrın 7-də türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana zəng etdi. Bundan bir gün sonra Türkiyənin xarici işlər və müdafiə nazirləri Mövlüd Çavuşoğlu və Hulusi Akar Bakıya gəldilər, İlham Əliyevlə görüşdülər. Nazirlər Putinlə Ərdoğan arasındakı telefon danışığının detalları barədə İlham Əliyevə məlumat verdilər. İlham Əliyev Putinin təklif etdiyi atəşkəsin mətni ilə tanış oldu. Ancaq atəşkəs bəyanatına qədər Şuşa işğaldan azad edilməli idi. Çünki atəşkəs sazişi Şuşanın işğaldan azad olunmasına qədər imzalansaydı, Şuşa şəhəri erməni separatçılarının nəzarətində qala bilərdi. Buna görə də, Azərbaycan Ordusunun xüsusi təyinatlı bölməsi Şuşa uğrunda ağır döyüşlərə başladı. Azərbaycanın xüsusi təyinatlıları ağır silahlar olmadan 3 istiqamətdən Şuşa qalasına dırmaşaraq azərbaycanlılar üçün tarixi və müqəddəs şəhəri azad etdilər. Bundan sonra Ermənistan hərbçiləri ağır vəziyyətə düşdülər. Nikol Paşinyan bundan sonra erməni generallarla görüşdü və ona aydın oldu ki, müharibəni davam etdirə bilməyəcək. Bu vəziyyətdə Paşinyan üçtərəfli bəyanatı qəbul etmək məcburiyyətində qaldı".

Politoloqun sözlərinə görə, müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur ki, Azərbaycan Ordusu Şuşanı azad edəndən sonra Xankəndinə niyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı: “Birincisi, Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi, ölkəmizə qarşı təzyiqlər artacaqdı. Digər tərəfdən qış ayları yaxınlaşdığına görə işğaldakı rayonları ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşidirlməsinə razılıq verildi. İkincisi, Azərbaycan ordusu yalnız Dağlıq Qarabağın ətrafını-təkcə 7 rayonu deyil, Hadrut və Şuşanı azad edib və bu daha böyük uğurdur. Azərbaycan ordusu həm Dağlıq Qarabağın ətrafını azad etdi, həm də Dağlıq Qarabağın içərisinə daxil oldu”.

E.Şahinoğlu qeyd etdi ki, üçtərəfli bəynatın şərtlərinə Azərbaycan ilk andan əməl edib və bu günə də edir. Lakin Ermənistan bəyanatın bir neçə vacib bəndlərinin qoyduğu öhdəlikləri hələ də yerinə yetirməyib.

Elçin Mirzəbəyli: Ermənistan tarixinin ən acınacaqlı günlərini yaşayır -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli isə bildirib ki, kapitulyasiya aktının imzalanmasına qədər Ermənistan bir neçə dəfə atəşkəs müraciəti ilə çıxış etmiş və hər dəfə də qısamüddətli atəşkəsdən sonra öz mövqelərini möhkəmləndirməyə, Azərbaycan Ordusunun sürətli hücumunu dayandırmaq üçün ölkəmizə qarşı beynəlxalq təzyiqləri gücləndirməyə cəhd göstərmişdi: “Amma Prezident İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi, milli maraqlarımızın, döyüş meydanında əldə olunan nəticələrin diplomatik müstəvidə və informasiya məkanında cəsarətlə müdafiə olunması səbəbindən rəsmi İrəvanın səyləri nəticə vermədi və Ermənistanın kapitulyasiya sənədinə imza atmaqdan başqa seçimi qalmadı. Ermənistan 10 noyabr 2020-ci il bəyanatının müvafiq müddəaları çərçivəsində və bu çərçivədən kənar müharibədə məğlub olan tərəf kimi üzərinə çoxsaylı öhdəliklər götürüb. 10 noyabrda imzalanan sənəd ”bəyanat" adlandırılsa da de-fakto kapitulyasiya haqqında çərçivə sazişidir. Çərçivə sazişində isə bir qayda olaraq bütün məqamlar yer almır, daha dəqiq desək, ümumiləşdirilmiş şəkildə qeyd olunur. Sazişin mahiyyətindən irəli gələn digər məqamlar isə ya əlavə sənədlərlə, ya da şifahi razılaşmalar əsasında, işçi qruplarının fəaliyyəti çərçivəsində tənzimlənir. 2021-ci il yanvarın 11-də, Moskvada imzalanan sənəd də kapitulyasiya haqqında sənədin icrası ilə bağlı ilkin razılaşmanın imzalandığını və işçi qruplarının bu razılaşmanın həyata keçirilməsi ilə istiqamətində müvafiq addımlar atdığını sübuta yetirir. Kapitulyasiya bəyanatının 4-cü maddəsində də Ermənistan erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə öhdəlik götürür ki, bu da sözügedən sənədin həm mahiyyət etibarilə, həm də hüquqi baxımdan kapitulyasiya aktı oldunuğunu təsdiqləyir. 10 noyabr bəyanatının 9-cu bəndində yer alan istiqamətləri, xüsusilə də Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı öhdəlikləri, həmçinin dəhlizlə bağlı məsələnin Azərbaycanla Ermənistan arasında 30 ilə yaxın davam edən münaqişə dövründə heç bir vaxt müzakirə predmeti olmadığı nəzərə alınarsa, kapitulyasiyanın mahiyyəti və mənzərəsi tamamilə aydın olur".

Hazırda əsas məsələlərdən biri Ermənistanın 10 noyabr razılaşmasına görə öhdəlik götürdüyü Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Yəni Ermənistan bunun üçün şərait yaratmağa, bu öhdəliyi yerinə yetirməyə borcludur. Əks halda özünü yenə də çətin vəziyyətə salacaq və uğursuzluqları daha böyük olacaq. Zəngəzur dəhlizinin alternativi yoxdur. Həmin dəhliz nəyin bahasına olursa-olsun açılmalıdır”.

Qarabağ Azadlıq Təşkilatı dünən bəyanat yayaraq bildirib ki, Ermənistanın 10 noyabr 2020-ci il razılaşmasının bütün tələblərinə qeyd- şərtsiz əməl etməsi mövqeyini sərgiləməli, əks halda Azərbaycanın Xankəndi, Xocalı, Ağdərə və digər ərazilərində suveren hüquqularının bərpa olunması üçün konkret addımlar, o cümlədən güc tətbiqinə söykənən addımlar atmalıdır.