11 ildə ilk dəfə - Bəşər Əsəd bu ölkəyə səfər etdi, ABŞ etirazını bildirdi
Hurriyyet.az Türkiyənin “Hürriyet” nəşrinə istinadla xəbər verir ki, Suriya Prezidenti Bəşər Əsəd ölkəsində müharibənin başlandığı 11 ildən sonra ilk dəfə bir ərəb ölkəsinə səfər edib. Bəşər Əsəd dünən Birləşmiş Ərəb Əmirliklərində ölkənin Baş naziri Şeyx Məhəmməd ibn Rəşid Əl Məktum ilə, ardından vəliəhd şahzadə Şeyx Məhəmməd ibn Zayed əl Nahyan ilə görüşüb.
Dövlət mətbuatının yazdığına görə, BƏƏ-nin vəliəhd şahzadəsi “Suriyanın ərəb təhlükəsizliyinin əsas dirəyi olduğunu və BƏƏ-nin Suriya ilə münasibətlərini möhkəmləndirmək istədiyini” bildirib.
Liderlər BƏƏ-nin Suriyaya siyasi və humanitar dəstək imkanlarını, ölkələr arasındakı iqtisadi ticarəti canlandırmaq məsələlərini müzakirə ediblər.
ABŞ-dan məyusluq mesajı
ABŞ Bəşər Əsədin BƏƏ-yə səfərinin “məyusluq və narahatlıq doğurduğunu” bəyan edib. ABŞ XİN təmsilçisi Ned Prays deyib: “Əsəd rejimi ilə razılaşmaq niyyətində olan dövlətləri rejimin son 10 il ərzində suriyalılara qarşı qorxunc vəhşiliklərini diqqətlə ölçüb-biçməyə çağırırıq”.
Hürr Tərcüman