📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

14 yaşından oğurluğa gedən qardaşlar 3 il sonra ələ keçib- Qızıl dəstləri, sikkələr, ov tüfəngi, ceyran dərisi…

2022-01-03 16:41:00

14 yaşından oğurluğa gedən qardaşlar 3 il sonra ələ keçib- Qızıl dəstləri, sikkələr, ov tüfəngi, ceyran dərisi…

Bakıda 18 yaşlı gənc 16 yaşlı qardaşı ilə dəfələrlə oğurluğa gedib. Onlar əvvəldən müəyyən etdikləri evlərdən bahalı əşyalar, nağd pullar və qızıllar aparıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 18 yaşlı Akif (ad şərtidir) 6 il, onun 16 yaşlı qardaşı Asif (ad şərtdir) 5 il həbs cəzası alıb.

Hurriyyet.az xəbər verir ki, qardaşlara qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, qardaşlar oğurluq əməllərinə hələ 2018-ci ildə, birinin 15, digərinin isə 14 yaşı olanda başlayıblar.

Həmin il Xətai rayonunda oğurluğa girdikləri mənzildən 60 manat pul, “Pirat” markalı ov bıçağı, noutbuk, 765 manat dəyərində “Tissot” qol saatı, qızıl sırğa və digər dəyərli əşyalar götürüblər. Nəticədə ev sahibinə 4405 manat zərər dəyib.

2019-cu ildə eyni rayonda ərzaq mağazasından 150 manat nağd pul, kolbasa, yağ, pendir olmaqla ümumilikdə 1940 manatlıq oğurluq ediblər.

Həmin ilin fevral ayında Şamaxı yolunda yerləşən ərzaq mağazasından 400 manat nağd pul, 120 manatlıq qəpik pul, siqaret və danışıq kartları götürməklə mağaza sahibinə ümumilikdə 2207 manat zərər vurublar.

Ardınca “Vip Smoke” ticarət köşkünə girərək 2000 manat dəyərində siqaretlər, konyak, viski, elektron siqaretlər götürüblər.

Növbəti oğurluq planı bir həftə sonra baş tutub. Bu dəfə girdikləri mağazadan cəmi 213 manatlıq siqaret və 5 manat qəpik oğurlaya biliblər.

Bir ay sonra isə “Şah Abbas” hamamına aid köşkə nəfəslikdən girərək 795 manatlıq oğurluq ediblər.

Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki mənzilə vanna otağında olan nəfəslikdən girərək 600 dollar, qızıl üzüklər, boyunbağı, kulon götürərək ev sahibinə 3020 manat maddi ziyan vurublar.

Bir neçə gün sonra Xətai rayonu, Azadlıq küçəsi 11A saylı evin plastik pəncərəsini sındıraraq ora daxil olublar. Evdən qızıl ulduz medal, konyak, iki ədəd mobil telefon, fotoaparat, 300 manat qəpik pullar, müxtəlif markalı ətirlər, videokameranın 400 manat dəyərində yaddaş blokunu oğurlayıblar. Bununla da ev sahibinə 4047 manat ziyan dəyib.

Xətai rayonu, Natiq Əliyev küçəsi 9 saylı evin 37-ci mənzilindən 7950 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Qardaşların ilk və ən çox oğurluq etdikləri ünvan isə Sabunçu rayonu Yavər Əliyev küçəsi 78 saylı evdir.

Onlar mənzildən firuzəyi və brilyant qaşlı qızıl dəstləri, qızıl 5-lik və 10-luqlar, bahalı saatlar, qızıl sikkə, ov tüfəngi, ceyran dərisi və müxtəlif növ spirtli içkilər götürüblər. Bununla da ev sahibinə 45780 manat ziyan vurulub.

Onlar əməllərini davam etdirərək başqa bir mənzildən 20 min dollar, 17 min manat, 3 ədəd “İphone” markalı telefon, qolbağı, boyun bağı, ətirlər, qol saatları, 5 ədəd corab, çanta, pul kisəsi oğurlamaqla mənzil sahibinə 91 min manat dəyərində külli miqdarda ziyan vurublar.

Yasamal rayonunda Kifayət Rəhimovaya məxsus mənzildən 62680 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları oğurlayıblar.

İstintaq müəyyən edib ki, 15 yaşlı Asif özü tək “Baksol” yolunda yerləşən evdən 5000 manat pul, 15000 manat dəyərində qızıl-zinət əşyaları və 200 manat dəyərində video çəkiliş aparan aparatı da oğurlayıb.

Bu yerdə diqqət çəkən budur ki, qardaşlar getdikləri və əvvəldən seçdikləri evlərdə kameranın olub-olmamasını da müəyyənləşdiriblər. Kamera olan evlərdə yaddaş bloklarını götürməyi unutmayıblar.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş kimi tanınan şəxslərin bir çoxu şikayətlərini geri götürüb. Onlara dəymiş zərər qismən ödənilib.

Zərərçəkmişlərdən yalnız Kifayət Rəhimova hökmdən narazı qalaraq apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxslərə daha ağır cəza verilməsini tələb edib.

Təqsirləndirilən şəxslərin vəkilləri isə apelyasiya şikayəti verərək cəzanın azaldılmasını istəyiblər. Bildiriblər ki, zərərin qismən ödənilməsi, həbs edilən şəxslərin yaşı nəzərə alınaraq daha yüngül cəza verilə bilər.

Məhkəmə hər iki tərəfindən şikayətini təmin etməyib və məhkəmə hökmü qüvvədə qalıb.