📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"15 hərbçi yanğından əvvəl öldürülmüşdü" - Erməni əsgər anası

2023-01-27 10:23:00

Ermənistanda 15 əsgərin ölümü ilə nəticələnən kazarma yanğını ilə bağlı müəmmalar davam edir.

Hurriyyet.az xəbər verir ki, yanğın zamanı həlak olan Volodya Nersisyanın anası Ani Tadevosyan News.am-a açıqlamasında diqqət çəkən fikirlər səsləndirib. O da digər valideynlər kimi əsgərlərin təsadüf nəticəsində yanıb ölməsinə inanmadığını deyib: "Bu cür yanğın mümkün deyildi. Bu yalandır. Qoy izahat versinlər ki, həmin saatda kapitanın kazarmada nə işi olub. Əvvəllər gecənin bu vaxtında bir dəfə də olsun rəhbərlikdən heç kim əsgərlərin yanında olmamışdı".

O, əminliklə deyib ki, baş verənlər məqsədli bir planın nəticəsi olub.

- Uşaqları zəhərli qazla və ya başqa yolla yatırdıb öz çirkin işlərini görüblər. Volodya dekabrın 17-də beş günlük məzuniyyətə gəlmişdi. Onu nələrsə narahat edirdi. Orada qeyri-qanuni nə isə baş verirdi, -Tadevosyan qalmaqallı iddia səsləndirib.

Ölən əsgərin qardaşı Karlos Nersisyan isə meyitlərə morqda baxanda hansısa detaldan anlayıb ki, bütün hərbçilər artıq yanğın başlayana qədər ölüblərmiş. Həmin gecə 12:15-də Volodya ilə bir neçə dəqiqə danışan Karlos Nersisyan qeyd edib ki, “Bunu yalnız məhkəmə-tibb ekspertləri sübut edə bilərlər. Yəni ancaq onlar deyə bilər ki, uşaqlar yatmazdan əvvəl huşsuz olublar və ya zəhərli qazla nəfəs alıblar. Yaxud da güclü yuxu həbləri ilə yatızdırılıblar”.

Qeyd edək ki, Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini Arsen Saroyan İctimai Televiziyanın efirində deyib ki, yanğın nəticəsində həlak olan 15 əsgərdən 14-ünin meyiti çarpayıda tapılıb. Yəni onların oyanmağa belə vaxtları olmayıbmış.

Xatırladaq ki, yanvarın 19-na keçən gecə, saat 01:30 radələrində Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən N saylı hərbi hissədə yanğın baş verib. Nəticədə 15 erməni hərbçi həlak olub, daha üçünün vəziyyəti isə hələ də ağırdır. İlkin məlumata görə, yanğına səbəb komandirin sobaya benzin tökməsi olub. Hadisəyə görə korpus komandiri vəzifədən qovulub. Bundan başqa, daha 8 zabitin də vəzifədən uzaqlaşdırılması barədə məlumat yayılıb. Bundan başqa, sözügedən hərbi hissənin arxa bölməsinin rəisi, briqada komandirinin kommunal xidmət üzrə müavini, polkovnik-leytenant Qor Agekyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb.

AzVision.az