15 İyun – Milli Qurtuluş Günü və Heydər Əliyevin Azərbaycan Tarixində Rolu
Azərbaycan xalqının tarixində elə günlər vardır ki, həmin günlər təkcə bir hadisəni deyil, bütöv bir xalqın taleyini və gələcəyini özündə əks etdirir. 15 İyun – Milli Qurtuluş Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycan dövlətçiliyinin qorunmasının, milli birliyin möhkəmlənməsinin və ölkənin sabit inkişaf yoluna qədəm qoymasının rəmzidir.
1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb siyasi və iqtisadi vəziyyətlə üzləşmişdi. Ölkədə gərginlik hökm sürür, sabitlik pozulur, dövlətçilik ciddi təhlükələr qarşısında qalırdı. Belə bir dövrdə xalqın etimadını qazanan Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıdaraq ölkənin taleyi üçün mühüm məsuliyyəti öz üzərinə götürdü. Onun zəngin idarəçilik təcrübəsi, qətiyyəti və uzaqgörən siyasəti Azərbaycanın böhrandan çıxmasına şərait yaratdı.
15 iyun 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin həyatında yeni mərhələnin başlanğıcı oldu. Bu tarix dövlətçilik ənənələrinin qorunmasının, vətəndaş həmrəyliyinin və milli maraqların təmin edilməsinin simvoluna çevrildi. Buna görə də 15 İyun hər il Milli Qurtuluş Günü kimi qeyd olunur.
Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın müstəqilliyi daha da möhkəmləndi, beynəlxalq əlaqələri genişləndi və dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edildi. İqtisadi inkişaf, təhsil və mədəniyyət sahələrində həyata keçirilən yeniliklər, həmçinin ordu quruculuğu sahəsində atılan addımlar ölkənin gələcək tərəqqisi üçün möhkəm zəmin yaratdı.
Heydər Əliyev gənclərin təhsilinə və vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verirdi. O hesab edirdi ki, ölkənin gələcəyi savadlı, məsuliyyətli və milli dəyərlərə bağlı gənclərdən asılıdır. Bu gün Azərbaycan gənclərinin müstəqil və güclü dövlətdə yaşaması həmin siyasətin uğurlu nəticələrindən biridir. Milli Qurtuluş Günü bir daha xatırladır ki, müstəqillik xalqın ən böyük sərvətidir. Onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın məsuliyyətidir. 15 İyun həm keçmişə ehtiramın, həm də gələcəyə inamın, milli həmrəyliyin və dövlətə sədaqətin rəmzidir.
Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi və inkişafı naminə xidmət göstərən insanlar ehtiramla yad edilir. Milli Qurtuluş Günü Azərbaycan xalqının iradəsinin, birliyinin və dövlətçilik ruhunun təntənəsini əks etdirən mühüm tarixlərdən biridir.
Jalə FAMİLQIZI
