📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2 yaşlı uşağı bir neçə saatlıq baxması üçün qonşusuna verib, özü də yoxa çıxıb...

2021-10-05 15:16:00

2 yaşlı uşağı bir neçə saatlıq baxması üçün qonşusuna verib, özü də yoxa çıxıb...

Bakıda ana 2 yaşlı övladını bir neçə saatlıq baxması üçün qonşusuna verib, lakin günlər keçsə də, gəlib geri götürməyib. Çarəsi qonşu hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşları uşağı müvəqqəti olaraq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirib.

Hurriyyet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə sığınacağın sosial işçisi Yaqut Məmmədyarova məlumat verib.

“Ana bildirib ki, atası xəstəxanadadır, 2 saata geri dönəcək. Lakin 3 gün ərzində geri qayıtmayıb, nə də zəng vurub övladı ilə maraqlanmayıb. Uşağın atasına bununla bağlı məlumat verilib. Ata da əvvəlcə oğlundan imtina edib, lakin sonradan onu geri götürməyə razılaşıb”,-sosial işçi danışıb.

Uşaq hazırda sığınacaqdadır. Ata onu geri götürmək üçün sənədlər təqdim etməlidir. Ananın rəsmi nikahda olduğu halda başqa biri ilə qoşulub qaçdığı ehtimal olunur. Digər məlumatda isə qadının maddi imkansızlıqdan belə bir yola əl atdığı güman edilir.

Y.Məmmədyarova qeyd edib ki, sığınacağa edilən müraciətlər artıb: “Dünən də 10 aylıq körpəni dövlət uşaq müəssisəsinə yerləşdirdik”.