"200 manata bir ay yaşamaq olarmı?" - QUBAD İBADOĞLU
"Əslində ehtiyac meyarının həddi ilə ölkə üzrə yaşayış minimunun məbləği arasında fərq olmamalıdır"
""2022-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsinə görə, gələn il ölkə üzrə yaşayış minimunun məbləğinin 205 manat müəyyən edilməsi nəzərdə tutulur. Bu il il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, ötən il üçün 190 manat idi. Bu göstəriciyə 2020-ci ildə işsizlərə birdəfəlik yardım veriləndə istinad olunub". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.
İqtisadçı alimin sözlərinə görə, qanun layihəsinə əsasən, 2022-ci il üçün ehtiyac meyarının həddinin 200 manat olması nəzərdə tutulur: "Bu il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub. Ehtiyac meyarının məbləğinin qaldırılması gələn ildən ünvanlı sosial yardım alanlara ödənişlərin artımına gətirib çıxaracaq. Əslində ehtiyac meyarının həddi ilə ölkə üzrə yaşayış minimunun məbləği arasında fərq olmamalıdır. Odur ki, hökumət bu göstəricini 5 manat artırmaqla məbləğləri eyniləşdirə və ehtiyac meyarının həddi göstəricisi əvəzinə aşayış minimunu göstəricisindən istifadə edə bilər".
Qubad İbadoğlu hesab edir ki, bu, sosial siyasətin tənzimlənməsində daha düzgün yanaşma olardı: "Günün sualları isə belədir: Sizcə, 200 manata bir ay yaşamaq olarmı? Azərbaycanın bütün yerlərində yaşamağın xərcləri eynidirmi? 200 manatın 1 il ərzində dəyişməz qalması nə qədər əsaslıdır, qiymətlər artırsa nədən bu məbləğ 1 il dəyişməz qalır?"
Vazeh BƏHRAMOĞLU