📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

2022-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib - SƏBƏB

2023-01-12 00:12:00

2022-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib - SƏBƏB

“2022-ci ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektoru ən azı 145 hərbi qulluqçusunu itirib. Onlardan 87 nəfəri döyüş (85 nəfər erməni gülləsi, 2 nəfər mina partlayışı), 58 nəfəri isə qeyri-döyüş itkiləridir”.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) yanvarın 8-də yaydığı hesabatda belə deyilir. Hesabatda vurğulanır ki, qeyri-döyüş şəraitində ölən 58 nəfər hərbi qulluqçunun 22-i intihar edib. Rəsmi qurumlar isə hesabatlarla bağlı açıqlama verməyib.

Hərbi xidmətim 2 hərbi hissə, 4 bölmədə keçib. Mingəçevir, Goranboy, Murovdağ, Suqovuşan, Ağ uçuq və s. Bu ərazilərdə yüzlərlə əsgərlə kontaktda olmuşam, fərdi söhbət, müzakirələrimiz olub. Bu gün də ordu sıralarından onlarla zabit, gizir, çavuş və əsgərlə əlaqədəyəm.

Xidmət etdiyim hərbi hissədə məndən öncə intihar hadisəsi baş verib, xidmət dövründə isə 10-dan artıq intihara cəhd hadisəsi ilə qarşılaşmışam. Özünü asıb, damarlarını doğrayıb, özünə xəsarət yetirən bir neçə əsgərlə görüşmüşəm. Onlarla müzakirə zamanı səbəbləri araşdırmağa çalışmışam.

Misal üçün, N saylı hərbi hissənin bir əsgəri ailəsində problem olduğunu və buna görə də 2-ci dəfə məzuniyyət istədiyini yuxarı komandanlığa bildirmişdi. Yuxarı komandanlıq icazə vermədikdən sonra əsgər damarlarını doğramışdı.

Misal üçün, N saylı hərbi hissədə əsgər sağlamlığında problemlər olduğunu və buna görə də hospitalda keyfiyyətli müalicə almaq istədiyini bildirmişdi. Nəticə olmadığını görən əsgər Murovdağdan Goranboy rayonunun bir qəsəbəsinə piyada kilometrlərlə yolu özbaşına tərk etmişdi. Sonra o əsgər özünə xəsarət də yetirdi.

Azərbaycan Silahlı Qüvvələrində bölmə, tabor, hərbi hissə və yuxarı komandanların şəxsi heyətlə iş üzrə müavinləri, onların köməkçiləri var. Bir hərbi hissədə zabit ştatı olan və bu vəzifəni icra edən zabit ən azı onlarla, ən çoxu bir neçə min şəxslə işləməlidir. Amma əksər hallarda əsgərlə işləmək əvəzinə onlar həbslə hədələnir.

Misal üçün, mənim xidmət etdiyim hərbi hissədə bu vəzifəni icra edən keçmiş zabit mayor Qənbər Orucov əsgərləri ancaq həbslə hədələyirdi, mənim özümü də.

Digər bir tərəfdən isə hərbi hissələrdə "dedovşina" halları hələ də qalmaqdadır. "Dedovşina" nədir? Misal üçün, xidmət etdiyim hərbi hissədə postlardan birində əsgərlərdən biri qab yubaqdan imtina etmişdi. Fiziki cəhətdən elə də güclü olmayan bu əsgər hər dəfə qabları digər əsgərlərə yuduzdururdu. Yekunda genişş bir mübahisə yaranmışdı. Məsələ araşdırılandan sonra bəlli oldu ki, post başçısı öz işini asanlaşdırmaq üçün postun idarəedilməsini əsgərə tapşırıb. Hər şeyə büdcədən 1400 manat maaş alan post başçısı yox, əsgər nəzarət edirmiş. Nəticədə hər ikisi cəzalandırıldı.

Xidmət etdiyim bölmələrdə məndən öncə "dedovşina" halları olub, əsgərlər döyülüb, yuxarı komandirlər tərəfindən təhqir, təhdid olunub. Bölməələrə gedəndən sonra hər bir əsgərlə fərdi söhbət etmişəm. Onları nizamnamə qaydalarına riayət etdirmişəm. Bu həm əsgərin işini rahatlaşdırırdı, həm də bu kimi hallar baş vermirdi. Hərbi Prokurorluğun arxivini yeniləmək kifayət edər ki, həmin hərbi hissələrdə hansı hallar baş verib.

Digər bir məsələ isə "dedovşina"nın yarınmasında əsas səbəblərdən biri də orduda təhsilsizlik, insan hüquq və haqlarının yerində olmamasıdır. Orta məktəbi bitirib, bəzən də bitirməyən şəxs çox rahatlıqla çavuş, gizir ola bilirlər. Orta məktəbi bitirə bilməyən şəxs cəmiyyətə necə faydalı ola bilir ki, ordu kimi ağır bir qurumda da ən azı manqa komandiri kimi 7-8 əsgərə rəhbərlik etsin?

Əsas problemlərdən biri də hərbi xidmət vaxtı çatmış gəncin orduya aparılma mexanizmidir. Həkim komissiyalarında yoxlamalar elə də şəffaf deyil. Misal üçün, olduğum hərbi hissələrin birində 14 gənc əsgər ordu sıralarından tərxis olunmuşdu. Səbəb isə onların hətta gözlə görünən xəstəliklərinin olması idi. Bəs, bu əsgərləri hərbi xidmətə kimlər göndərmişdi?

Mənim öz həkim komissiyasındakı yoxlanışım isə bir xeyli maraqlı hadisələrlə yadımda qalıb. Psixoloq məndən dəli olub-olmadığımı soruşmuşdu.

Əsas vacib çatışmazlıqlardan biri isə orduda psixoloqların sayının az olmasıdır. Misal üçün, xidmət etdiyim hərbi hissənin cəmi 1 psixoloqu vardı. Vicdanlı zabitlərdən idi. Lakin onun minlərlə əsgərlə işləməsi fiziki cəhətdən mümkün deyildi. Çünki onlarla kilometr müdafiə zolağı, çətin, keçilməz yollar, vəzifə yükü və s. bunların hər biri aparılan işin keyfiyyətinə ciddi ziyan vururdu.

Orduda intiharların sayını azaltmaq isə heç də çətin deyil:

1) Alternativ hərbi xidməti bərpa etmək,

2) Həkim komissiyalarının bir mərkəzdən, ictimaiyyət nümayəndələrinin iştirakı ilə idarə etmək,

3) Orduda şəxsi heyətlə iş üzrə müavinlər üçün ayrıca bir ixtisaslaşma aparmaq,

4) Hərbi hissələrdə insan haqları ilə bağlı işləyən müstəqil bir bölmə yaratmaq,

5) Ordunu ictimai bir quruma çevirmək,

6) Jurnalist, hüquq müdafiəçilərinin anonim sorğular aparmasına imkan yaratmaq,

7) Vahid mərkəzdən idarə olunan və müstəqil fəaliyyət göstərən çağrı mərkəzlərinin yaradılması,

Orduda işəgötürmə prosesi sərtləşdirilməli, təhsil vacibliyi artırılmalı,

9) Əsgər məzuniyyətlərinin artırılması,

10) Psixoloqların sayının artırılması.

 

Fərid İsmayılov / Hurriyyet.Az