2023-cü ildə azı 46 jurnalist qətlə yetirilib
Hurriyyet.az xəbər verir ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk hökumətləri, polisi və məhkəmələri mətbuat işçilərinin müdafiəsini gücləndirməyə çağırıb.
Folker Türk 2023-cü ilin əvvəlindən bəri 46 jurnalistin öldürüldüyünü, azı 531 jurnalistin həbs edildiyini bəyan edərək “İks” (X – keçmiş “Tvitter”) səhifəsində yazıb: “Bu il ərzində öz fəaliyyətinə görə azı 46 jurnalist öldürülüb, 531 jurnalist dustaq edilib. Hesabagəlməz dərəcədə çox sayda jurnalist isə dözülməz sıxışdırma və zorakılıqdan zərər çəkib”.
Qeyd edək ki, Türk bu çıxışını 2 noyabr – Jurnalistlərə qarşı cinayətlərin cəzasızlığının dayandırılması günündə edib. BMT-nin ali komissarı “cəzasızlığı dayandırmağa” çağıraraq qeyd edib ki, KİV təmsilçilərinə hücumlar qəbuledilməzdir. “Hökumətlər, polis və məhkəmələr jurnalistlərin həyati dərəcədə vacib fəaliyyətlərində onları dəstəkləməlidirlər”.
Hürr Tərcüman