📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"2040-ci ilədək Füzuli şəhərində 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir" - VÜQAR BAYRAMOV

2023-10-17 11:52:28

"Tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək"

"Bu gün Azərbaycanda ilk dəfə Füzuli Şəhəri Günü qeyd olunur. Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə əlaqədardır. 3 il öncə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu Füzuli şəhərində 27 illik erməni işğalına son qoydu". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili qeyd edib ki, artıq Füzuli şəhəri bərpa edilir və müasir standartlara uyğun olaraq yenidən qurulur: "Qarabağın hava qapısı olan Füzuli şəhəri son 2 ayda minədək doğma sakinini qarşılayaraq yeni mərhələyə qədəm qoyub. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir. Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq".

Qarabağın yenidən qurulub, bərpa edildiyini vurğulayan Vüqar Bayramov hesab edir ki, tezliklə Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək: "Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Füzuli Şəhər Gününüz Mübarək!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az