"2050-ci ildə dünya əhalisinin sayı ən yüksək həddə çatacaq"
"2100-də isə xeyli azalacaq" – proqnoz
Hurriyyet.az “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, “Roma klubu” (“Ümumdünya sisteminin inkişafını modelləşdirən və proqnozlaşdıran “Roma klubu” Beynəlxalq təşkilatı 1968-ci ildə yaradılmışdır) təşəbbüsü çərçivəsindəki Earth4All modelində 2050-ci ildə Yer əhalisinin sayının ən yüksək həddə çataraq 9,6 milyard olacağı, 2100-cü ildə isə azalaraq, 7 milyard nəfərə çatacağı bildirilir. Bu barədə Britaniyanın “New Scientist” nəşri məlumat yayıb.
BMT-nin məlumatına görə, 2022-ci ilin noyabrında Yer planetinin əhalisinin sayı 8 milyard nəfəri keçib.
Ekspertlərin fikrincə, hakimiyyət kasıblığın və sosial bərabərsizliyin aradan qaldırılmasına investisiya qoyarsa, əhalinin sayının 8,5 milyard zirvə həddi 2040-cı ilə düşəcək, əsrin sonunda isə azalaraq 6 milyarda bərabər olacaq.
“Earth4Al” layihəsinin rəhbəri Espen Stoknes deyib: “Biz bilirik ki, aşağı gəlirli ölkələrdə sürətli iqtisadi inkişaf doğum səviyyəsinə böyük təsir göstərir. Qızların təhsil alması, qadınların iqtisadi dəstəyinin olması və yüksək tibbi xidmətlə təmin edilməsi isə doğum səviyyəsini azaldır. Yüksək doğum faizi kasıb ölkələrə xasdır”.
Hürr Tərcüman