📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"30-35 milyon Rusiya vətəndaşının gəlirlərinin kəskin azalması gözlənilir" - NATİQ CƏFƏRLİ

2022-03-09 13:41:00

"Rusiyada mal-məhsul qıtlığı da yaranır, piştaxtalar boş qalır, bu isə yenə SSRİ dövründəki kimi "alverçilərin", piştaxta altından satışların yaranmasına səbəb olacaq"

"İlkin hesablamalara görə Rusiyadan gedən, bu ölkədə fəaliyyətini dayandıran şirkətlərdə 4,5 mln. Rusiya vətəndaşı çalışırdı, amma həmin şirkətlərlə subkontrakt və digər müqavilələrlə çalışan rusiyalılar da var. Toplamda 11-12 mln. nəfər işsiz, deməli gəlirsiz qala bilər. Daha bir məsələ odur ki, 5 mln.-a yaxın Rusiya vətəndaşı daşınmaz əmlakın biznes seqmentində icarələrdən pul qazanırdı. İndi isə böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalacaq, bunun da təsiri olacaq". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.

Politoloq qeyd edib ki, 15 mln.-dan çox rusiyalı müxtəlif şəhərlərdə öz mənzil və evlərini xarici vətəndaşlara icarə verməklə qazanc əldə edirdilər. Onun sözlərinə görə, xaricilərin getməsi, ətraf ölkələrdən Rusiyada yaşayıb pul qazanan miqrantların öz ölkələrinə dönməsi riski onların da gəlirsiz qalmasına səbəb olacaq: "Yəni, birbaşa və dolayısı ilə 30-35 mln. Rusiya vətəndaşının gəlirlərinin kəskin azalması gözlənilir. Dünən Rusiya Mərkəzi Bankı ölkədə dollar satışını sentyabr ayına qədər qadağan elədi – bu isə “qara bazarın” yaranmasına səbəb olacaq. SSRİ kimi monsrt belə, valyuta əməliyyatlarının “qara bazarına” mane ola bilməmişdi, korrupsiyada boğulan Rusiya isə bunu heç edə bilməz. Digər tərəfdən, Rusiyada mal-məhsul qıtlığı da yaranır, piştaxtalar boş qalır, bu isə yenə SSRİ dövründə olan kimi “alverçilərin”, piştaxta altından satışların yaranmasına səbəb olacaq, bir müddət sonra isə Rusiyada ərzaq talonları da dövriyyəyə buraxıla bilər".

Natiq Cəfərli hesab edir ki, Putin və ona inanan milyonlarla rusiyalıların arzusu yerinə yetir: "SSRİ-ni ayrıca bir ölkədə, Rusiyada tam bərpa edirlər, nə deyim, nə tökərsən aşına, o da çıxar qaşığına".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az