"30 il sonra Texas müstəqil dövlət olacaq"
Hurriyyet.az xəbər verir ki, Texas ştatında miqrasiya qalmaqalları fonunda ABŞ-ın tərkibindən çıxmaq çağırışları güclənib. Bu barədə məlumatı "Newsweek" jurnalı verib.
Ştatın qubernatoru Qreq Ebbotun göstərişi ilə Meksika sərhədi boyunca tikanlı məftildən çəpər çəkilməsinə başlanılsa da, Ali Məhkəmə federal hakimiyyətə bu çəpəri sökmək icazəsi verib. Nəticədə ştatda etirazlar başlanıb. Bundan sonra Texasın ABŞ tərkibindən çıxmasının - "Teksit"in tərəfdarları səslərini ucaltmağa başlayıblar. Hərəkatın lideri Deniel Miller vəziyyətdən istifadə edərək, Texasın müstəqilliyi məsələsinin Respublikaçılar partiyasının ABŞ-da başlayan praymerizlərinin bülleteninə salınmasına cəhd edib. Respublikaçılar partiyasına müvafiq müraciət edilib - minimal 97 min səs lazım olduğu halda müraciət 139 456 səs toplayıb. Lakin partiya rəhbərliyi müraciətin verilmə vaxtının keçdiyini, səslərin saxta ola biləcəyini əsas gətirərək, "Teksit" təşəbbüsündən imtina edib. Texasın müstəqilliyinin tətəfdarları bunun qarşılığında məhkəməyə müraciət eləsələr də, uduzublar.
Lakin aktivist Miller ayrılma istiqamətində hərəkətin artıq başlandığına, 30 ildən sonra Texasın müstəqil dövlət olacağına inandığını bildirib.
Hürr Tərcüman