📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

300 bal toplayan Əliəkbər: "Hazırlığa getmirəm"

2025-04-17 19:31:10

300 bal toplayan Əliəkbər:

Astara rayonu Ərçivan qəsəbə N.Kərimov adına 3 saylı orta məktəbin şagirdi Əliəkbər Ağayev 9 mart tarixində keçirilmiş buraxılış imtahanından 300 bal toplayaraq maksimum nəticə göstərib.

Redaktor.Az ilə sevincini bölüşən Əliəkbər bildirdi ki, yaxşı bal yığacağını gözləyirmiş.

"Təbii ki, sevincliyəm. Yaxşı bal yığacağımı bilirdim. Amma 300 bal yığacağımı gözləmirdim. 300 bal topladığımı görəndə çox sevindim. Əslində, normalda sevincimi anam və atamla bölüşəcəkdim. Anam və atam evdə olmadıqları üçün sevincimi bacımla bölüşdüm. Daha sonra valideynlərimə zəng edib xəbər verdim. Müəllimlərimin isə sonradan xəbərləri oldu və hər biri məni təbrik etdi".

Əliəkbər gələcəkdə yiyələnmək istədiyi peşə haqqında da danışdı.

"Builki imtahan asan idi. Amma nisbətən Riyaziyyat çətin idi. İngilis dili isə çox rahat idi. 4-cü qrupa hazırlaşıram. İxtisas olaraq həkimliyə hazırlaşıram. İstəyim Azərbaycan Tibb Universitetidir. Tədrisin hansı dildə olması ilə bağlı dərindən düşünməmişəm. Hazırlıqlara isə getmirəm", - deyə müsahibimiz bildirdi.

 

Aytəkin TOFİQQIZI