"32 illik müstəqillik dövründə dayanıqlı biznes qurumları yarada bilmədik" - NATİQ CƏFƏRLİ
"Nazirlərə, məmurlara bağlı şirkətlərin "uğur hekayəsi" kresloya bağlı idi, heç biri biznes məntiqi ilə idarə olunmur, rəqabətli mühitdə ayaqda qalma potensialları yoxdur"
"Məmləkətimiz unikaldır, vəzifə, kreslo sahibləri, onların övladları, nə hikmətdirsə, doğuşdan dahi biznesmen, böyük iş adamı, istedadlı investor olurlar. Amma kreslo, vəzifə gedən kimi, çox qəribədir ki, dahi biznes bacarıqları da yox olur. Bu günə qədər “ATA Holding”, “ZQAN”, “Gəmiqaya”, “Cahan Holding” kimi biznes nəhəgləri sahiblərinin kreslosu itən kimi özləri də it-bat oldular. Dünən daha bir “əfsanə” - “Gilan Holding” də tarixə qovuşdu, 6 ay öncə adı dəyişdi, "Xəzri Solutions" oldu, dünən isə ləğv olundu". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
REAL-ın icra katibi hesab edir ki, nazirlərə, məmurlara bağlı şirkətlərin “uğur hekayəsi” kresloya bağlı idi: "Bu, bir daha ölkədə necə mənasız iqtisadi və siyasi sistemin olduğunu göstərir. Bu gün hələ “bərk gedən” holdinqlərin də uğuru kreslolara bağlıdır, eyni aqibətlə üzləşəcəklər. Çünki heç biri biznes məntiqi ilə idarə olunmur, rəqabətli mühitdə ayaqda qalma potensialları yoxdur".
Natiq Cəfərlinin sözlərinə görə, 32 illik müstəqillik dövründə işlək idarəetmə modeli bir qırağa, əsl, dayanıqlı biznes qurumları belə yarada bilmədik: "Milli burjuaziya formalaşmadı, biznes məmur kreslosu ilə diffuziya əlaqəsinə girdi. Bu gün dünyaya təqdim edə biləcəyimiz bir məhsulumuz, dayanıqlı inkişaf yolu keçən, səhmləri dünya birjalarında satılan şirkətimiz də yoxdur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az