📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

32 illik Nazarbayevlər hakimiyyəti: milyardlarını, yoxsa ölkəsini qorudu?

2022-01-07 12:07:00

32 illik Nazarbayevlər hakimiyyəti: milyardlarını, yoxsa ölkəsini qorudu?

Yerli müxalifət mediasının məlumatına görə, Nursultan Nazarbayevin özünün sərvəti 100 milyard dollar qiymətləndirilir

Qazaxıstanda etirazçıların əsas tələblərindən biri də Nursultan Nazarbayevin ölkənin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefası idi. 1990-cı ildən  Qazaxıstanda hakimiyyət başına keçmiş Nazarbayev 2015-ci ildə prezident vəzifəsindən istefa versə də, uzun illərdir ki, hakimiyyətə təsir rıçaqlarını tam əlində saxlayırdı.

Son günlər baş verən etiraz dalğasının nəticəsində Nazarbayev, nəhayət, Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən kənarlaşmaq məcburiyyətində qaldı. Şübhəsiz ki, bu onun öz qərarı olub və məqsəd sabitliyi bərpa etmək olub.  O, hakim Nur Otan Partiyasının lideri vəzifəsində qalmağa davam edir. Amma bu o demək deyil ki, Nazarbayev erası daha bitdi. Əsla belə deyil. Yerli müxalifət mediasının məlumatına görə, Nursultan Nazarbayevin özünün sərvəti 100 milyard dollar qiymətləndirilir. Bundan da çox pul onun ailə üzvlərinin cibinə axıb, onlar bu pulları xaricdə lüks mallara və daşınmaz əmlaka xərcləməyə üstünlük veriblər.

Nazarbayev bu dəfə gerçək olaraq hakimiyyətdən çəkildimi? Hakimiyyətdən birdəfəlik əl çəkərsə, özünü  və ailəsini nə gözləyir? İddia olunur ki, Nazarbayev siyasət meydanından gedərsə, Qazaxıstanın parçalanma planı işə düşə bilər. Bu baş verə bilərmi?

Xəyanət ittihamı və boşanma tələbi ilə gündəmə gələn Rza Zərrabın məhkəməsi  nə yerdədir?

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Nursultan Nazarbayev öz xalqının rifahı uğrunda mübarizə aparan, müasir Qazaxıstanın qurucu memarıdır. Rusiya kimi radikal bir dövlətlə mübarizədə dünyada ərazisinin böyüklüyünə görə 9-cu dövlət olan Qazaxıstanın bugünkü böyük ərazilərini qoruyub saxlamağa müvəffəq olan məhz Nazarbayevdir. Bu gün Qazaxıstanda maddi rifah səviyyəsini MDB respublikaları arasında birinci yerə çıxaran, hətta Rusiyadan da üstün səviyyəyə qaldıran, türk dünyasının birliyi uğrunda daim mübarizə aparan və Azərbaycan Prezidenti İlham Əliyevlə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Türk Dövlətləri Təşkilatının yaranmasında böyük səylər göstərən və mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə Qazaxıstanın suverenliyini qoruyub saxlamağı bacaran lider məhz Nursultan Nazarbayevdir: “Belə bir insana qarşı müxtəlif iddiaların irəli sürülməsi və onun bu şəkildə kənarlaşdırılması, ölkənin qaranlıq tunelə daxil edilməsi çox böyük təəssüf doğurur. Nazarbayev erasının başa çatmasından və baş verən hadisələrdən ilk növbədə Qazaxıstan dövləti, xalqı, eyni zamanda bütün türk dünyası ciddi zərər gördü və görəcək. Üçüncü dövlətin istəyi və planı əsasında hərəkət edən qüvvələr Nazarbayevin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən getməsi ilə kifayətlənmirlər. Ona qarşı daha ağır tələblər irəli sürürlər və bu tələblərin həyata keçməsinı nail olmağa çalışırlar. Açıq görünür ki, Nazarbayev erasını, onun təsir imkanlarını tamamilə bitirmək üçün düyməyə basılıb. Buna tam nail olsalar da, Nursultan Nazarbayevdən əl çəkməyəcəklər. Onun və ailəsinin daha ağır məhrumiyyətlərlə üz-üzə qoyulmasına çalışacaqlar”.

Q.Hüseynli qeyd etdi ki, Qazaxıstanda da müəyyən rüşvətxorluq və korrupsiya olub. Amma onun səviyyəsi MDB ölkələri arasında ən aşağı səviyyələrdən birində olub: “Bəli, Nursultanın böyük sərvətləri var və həmin sərvətlərin bir hissəsi Belçika bankındadır. Həmin bankdakı pulların miqdarı haqqında onun İngiltərədə yaşayan nəvəsi Avropa mediasına müsahibəsində açıqlamışdı və vəsaitin 30 milyon dollar olduğunu söyləmişdi. Əlbəttə, bu sərvətlər barədə danışmaq və ona siyasi qiymət vermək lazımdır. Amma mən şişirdilmiş rəqəmlərin söylənməsinə tərəfdar deyiləm. Nursultan Nazarbayevin Qazaxıstan dövləti qarşısında xidmətləri danılmazdır. Bu gün üçüncü bir ölkənin əlaltısı olan və cənub klanının nümayəndələri tərəfindən qızışdırılaraq Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırılmasına, faktiki olaraq devrilməsinə nail olan maşalar əslində Qazaxıstan dövlətinin zəifləməsinə, hətta parçalanma dərəcəsinə gəlməsinə xidmət edən qüvvələrdir. Nursultan Nazarbayev erasını tamamilə bitirməyə çalışan qüvvələr Qazaxıstanı dövlət kimi bitirmək projesinə xidmət edirlər. Mən Nazarbayevin süddən çıxmış ağ qaşıq olduğu iddiasında deyiləm. Amma onun doğma Qazaxıstandan türk dünyasına qədər olan xidmətlərinin də undulmasını istəməzdim”.

Politoloq hesab edir ki, Nazarbayev vəzifəsindən istefa verməklə ölkəsində vətəndaş müharibəsi salmaq istəyən qüvvələrin planını pozmaq məqsədi güdüb. Ancaq belə görünür ki, Qazaxıstanı müstəqil milli siyasi xətdən sapdırmaq məqsədini qarşıya qoyan qüvvələr istəklərinə nail olmayınca dayanmaq niyyətində deyillər.

“Yeni Müsavat”