📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"3+3" regional formatı hazırkı geosiyasi rəqabətdə uzun müddət yaşaya bilməyəcək" - FUAD QƏHRƏMANLI

2023-10-24 14:44:15

"Bu format daxilində münasibətlər elədir ki, onun nəinki Qərbə uzun müddətli müqavimət göstərməsi real deyil, hətta öz daxilində uğurlu əməkdaşlıq münasibətləri qurması da inandırıcı görünmür"

"Son vaxtlar Moskvanın təşəbbüsü ilə regionumuzda Qərbə qarşı kollektiv revanş cəhdləri güclənməkdədir. Bu baxımdan dünən Tehranda “3+3” əməkdaşlıq platformasına daxil olan ölkələrin keçirdikləri ilk görüşün məqsədi, əslində Qərbi kənar, arzuolunmaz qüvvə kimi Qafqaza buraxmamaq məqsədi güdürdü". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı bildirib. 

Siyasi şərhçi hesab edir ki, ilk baxışdan bu görüşün rəsmi bəyan edilən niyyəti səmimi görünə bilər: "Üç Cənubi Qafqaz ölkəsinin və bu ölkələrlə sərhəd İran, Rusiya və Türkiyənin birgə səylərlə regional problemləri həll etmək, müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyəti ilə bir araya gəlməsi ilk baxışda neqativ görünməyə bilər. Ancaq Rusiya ilə İran Qərblə birbaşa və proxsi savaşda, Türkiyə isə ara-sıra cırmaqlaşmada olduğuna görə, bu format daha çox adları çəkilən ölkələrin Cənubi Qafqazı öz nüfuz dairəsi kimi Qərbin müdaxiləsindən qorumağa xidmət edir". Fuad Qəhrəmanlının fikrincə, Azərbaycan iqtidarı Qərbin Cənubi Qafqazda möhkəmlənməsini özü üçün təhlükə saydığını görə, Rusiya, İran və Türkiyənin iştirak etdiyi formatla buna mane olmağa çalışır: "Bu platformadakı digər ölkələrdən fərqli olaraq Qərbi özünə əsas tərəfdaş seçən Ermənistan isə bu formata ona görə qatılıb ki, regional proseslərdən kənarda qalmasın və İranınla münasibətləri də Rusiya ilə olduğu kimi korlanmasın. Gürcüstan isə ümumiyyətlə, Avropa Birliyi ilə o qədər də yaxşı olmayan münasibətlərini daha da pisləşdirməmək üçün bu prosesdə iştirakdan imtina edir. “3+3” Məşvərətçi Regional Platforması çoxdan gündəmdə olsa da, onun indi baş tutmasının səbəbi Rusiyanın zəifləməsi ilə bağlıdır. Ermənistanın açıq və birmənalı Qərbə yaxınlaşma kursu seçməsindən və Paşinyanı devirmək cəhdlərinin uğursuzluğundan sonra Ukrayna müharibəsinin zəiflətdiyi Rusiya anladı ki, təkbaşına Cənubi Qafqazı öz nəzarətində saxlaya bilməyəcək. Ona görə də İran və Türkiyənin də Qafqaz masası arxasına əyləşməsinə razılıq verərək Qərbin regiona daxil olmasına müqavimət göstərməyə çalışır. Nə qədər paradoksal görünsə də, Qərb elə "3+3" formatının iştirakçı dövləti Ermənistan vasitəsi ilə Cənubi Qafqazda möhkəmlənməyə cəhd edir. Ancaq "3+3" formatı daxilində münasibətlər elədir ki, onun nəinki Qərbə uzun müddətli müqavimət göstərməsi real deyil, hətta öz daxilində belə uğurlu əməkdaşlıq münasibətləri qurması da inandırıcı görünmür. İlk növbədə Ermənistanın seçdiyi Qərbə inteqrasiya kursuna və Qarabağdan imtinaya görə Rusiya ilə münasibətləri kəskin şəkildə korlanıb, İran isə buna görə Azərbaycanla münasibətləri yaxşılaşdırmaqla İrəvanı yumşaq şəkildə cəzalandırmağa çalışır. Türkiyə özü Cənubi Qafqazda Rusiya ilə nüfuz rəqabəti aparır və NATO ölkəsi kimi Finlandiya və İsveçin alyansa üzvlük məsələsində olduğu kimi hər an Rusiyanı məyus edə bilər. Toxunmadığımız başqa istiqamətlərdə də bu iki ölkənin maraqları toqquşur".

Siyasi şərhçinin sözlərinə görə, Rusiya və İranın Zəngəzur dəhlizində də maraqları bir birinə diametrli şəkildə ziddir: "İran Zəngəzur yolunun öz ərazisindən keçirilməsini, Rusiya isə Ermənistan ərazisindən keçməsini və onun nəzarətində olmasını istəyir. Azərbaycana gəldikdə isə Bakı hələlik Ermənistanla sülh müqaviləsi bağlamaqdan yayınır, İranla münasibətlərdəki müvəqqəti istiləşmə isə İsraillə sıx əlaqələr fonunda hər an risk altındadır. Rusiya ilə Azərbaycan arasında da palaz altında narazılıq var. Moskva Azərbaycanın əli ilə Ermənistan ərazisinə daxil olub Zəngəzur dəhlizini nəzarətə götürmək, Qarabağdakı ordusuna baza statusu almaq istəyir. Strateji maraqların bu şəkildə toqquşduğu bir əməkdaşlıq formatın yalnız adı əməkdaşlıq ola bilər. Biz yalnız ən ümumi olan maraq ziddiyyətlərinə toxunduq və təfərrüatlara varmadıq. Elə bu bəs edir ki, "3+3", Gürcüstan olmadığı üçün isə əslində "2+3" formatının hazırkı geosiyasi rəqabət şəraitində uzun müddət yaşaya bilməyəcəyini və mövcud olduğu müddətdə də heç bir ciddi problemin həllinə nail olmayacağını deyək. Bu format yalnız Qərbin demokratiya dəyərlərinin bir müddət də olsa regionumuzda möhkəmlənməsini ləngidən bilər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az