350 minlik Sumqayıt səhiyyəsinin “xəstə” şöbə müdiri... - Səkinə Sadıqovanın qanunsuz əməlləri...
Səkinə Sadıqova öz müavini Həsən Hüseynovu niyə qaralayıb..?
Gündəlik-Baki 2019-cu ildən Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri olan Səkinə Sadıqovanın bir çox əməlləri ilə bağlı silsilə yazılar dərc edir. Yazıların birinin başlığı belə idi: “Sağlamlığı tutduğu vəzifəyə uyğun gəlməyən Səkinə Sadıqova...”
Bəli, müdriklərimiz deyib ki, insanlar dəli olanda mollanın yanına gedib dua-zad yazdırar, bəs molla dəli olanda kimin yanına getsin. Yaxud xəstə adam həkimə müraciət edir, bəs həkim xəstə olsa...
Sözün qısası, Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri, yəni 350 min insanın SAĞLAMLIĞINA məsul olan Səkinə Sadıqovanın sağlamlığı görəsən yerindədirmi..?
Sözümüzün canı odur ki, Səkinə Sadıqovanın özünü müalicə edən lazımdır. Amma bu adamı 350 min insanın sağlamlığına nəzarət etməyə təyin ediblər...
Bəli, Səkinə Sadıqova Sumqayıt boyda şəhərin səhiyyə şöbəsinin müdiri olan kimi, vəzifə kreslosunu söykəyib İcbari Tibbi Sığorta Agentliyindəki qrup rəhbəri Rəşada və ona arxayın olaraq şəhərdəki bütün xəstəxanaların baş həkimlərini diz üstə çökdürüb.
Səkinə Sadıqova Suqayıtda istənilən xəstəxanada rüşvət alaraq kadr dəyişikliyi edir, kimisə işdən çıxardır, kimisə işə təyin edir və... baş həkimlərin rəyi ilə hesablaşmır.
Kimsə etiraz etmək istəsə, həmin xəstəxananı, yaxud şöbəni ləğv edir.
Vallahi, heç səhiyyə naziri bu boyda əməllər edə bilməz.
Səkinə Sadıqova dövlət tərəfindən xəstəxanalara ayrılmış dərmanları, tibbi preparatları və s. özəl apteklərdə satdıraraq arxası-dayağı Rəşadla bölüşür.
Hələ bu harasıdır..?
Səkinə Sadıqovanın 70 min manata mətbəə blankı alması, dövlətin ayırdığı pulları mənimsəməsi barədə çox yazmışıq.
Adama deyərlər ki, 70 minlik blank sənin nəyinə lazımdır..?
Səkinə Sadıqova təkcə dövlətin səhiyyəyə ayırdığı külli miqdarda vəsaiti mənimsəməklə, dövlət tərəfindən xəstəxanalara ayrılan dərman preparatlarını öz malı kimi apteklərdə satdırmaqla, həkimləri işdən çıxartmaq adı ilə külli miqdarda pul yığımaqla kifayətlənmir. Həm də Sumqayıt boyda şəhərin Təcili Tibbi Yardım Stansiyasını korrupsiya mərkəzinə çevirib.
Bəli, Səkinə Sadıqova Təcili Tibbi Yardım Stansiyasınının qarajına ayrılan benzini, yağı, avtomobil hissələrini satdırıb mənimsəyir. Və təcili yardım maşınlarının sürücülərinə deyir ki, öz cibinizdən benzin, avtomobil hissələri alın.
Yazıq xəstələr isə saatlarla, günlərlə təcili yardımın gələcəyini gözləyir.
Bütün bunlar bir yana, Səkinə Sadıqova həm də saxta tenderlərin maxinatorudur.
Məlumdur ki, son 2 ildir səhiyyə sistemindəki tenderləri ancaq İcbari Tibbi Sığorta İdarə edir. Səkinə Sadıqova isə Tibbi Sığortadakı dayağı olan qrup rəhbəri Rəşadın vasitəsilə Sumqayıt səhiyyəsinə dövlət tərəfindən ayrılan külli miqdarda vəsaiti öz yaxınlarına tenderdə hədiyyə edərək, milyonlar qazanıb.
İndi əlimizdə olan sənədlər əsasında Səkinə Sadıqovanın keçirdiyi tenderlərə nəzər salaq.
Deməli, redaksiyamıza daxil olan sənədlərdən bəlli olur ki, Səkinə Sadıqova 2019-2020-ci illərdə 32 şirkətlə əməkdaşlıq edib, daha doğrusu, tender keçirərək 32 şirkəti qalib elan edib. Və 3 milyona yaxın dövlət vəsaitini özü bildiyi kimi xərcləyib.
Bu barədə detallı olaraq çox yazdığımız üçün təfərrüata varmırıq.
İndi isə redaksiyamıza daxil olan yeni bir məlumata nəzər salaq.
Deməli, görünür, mediada yazılanları və vətəndaşların günbəgün artan şikayətlərini nəzərə alan İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyi Səkinə Sadıqovaya savadlı, peşəkar tibb işçisi olan Həsən Hüseynovu müavin təyin edib ki, Sumqayıt boyda şəhərin səhiyyəsində xaos yaranamasın. Həsən Hüseynov əvvəllər 1 saylı Sumqayıt şəhər xəstəxanasının baş həkimi olub və təcrübəli, təmiz həkim kimi tanınır. Bu təyinat isə Səkinə Sadıqovaya sərf etmir, çünki çirkin əməllərini davam etdirməyə imkan olmayacaq. Ona görə də Səkinə Sadıqova ətrafındakı özü kimi adamları işə salaraq öz müavini Həsən Hüseynovu qaralamaqla məşğuldur.
Hətta şahidlərin dediyinə görə, Həsən Hüseynovun təyinatından sonra Səkinə Sadıqova özünü sanki dəli kimi aparır, bütün günü aqressiv olur. Bu isə təkcə kollektivdə deyil, həm də Sumqayıt sakinləri arasında ciddi narazılıqlara səbəb olur.
Bəli, Səkinə Sadıqova gözəl bilir ki, müavini özündən qat-qat savadlı və...ən əsası nüfuzlu şəxsdir. Ona görə də öz müavininə problem yaratmaqla, ondan azad olmağa çalışır.
Amma Səkinə Sadıqova bilmir ki, həbs olunmağın lap bir addımlığındadır.
Yazıda müxtəlif saytların məlumatlarından istifadə olunmuşdur.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq./Gundelik-baku