40 ildə ilk dəfə! Amerikalı əsgər Kim Çenə sığındı
Hurriyyet.az xəbər verir ki, ABŞ ordusunun təmsilçiləri iyulun 18-də amerikalı əsgər Trevis Kinqin Cənubi Koreyadan Şimali Koreyaya – Koreya Xalq Demokratik Respublikasına qaçdığını bildiriblər. Onun Şimali Koreyada nəzarət altında saxlanıldığı ehtimal edilir.
CNN kanalının təqdim elədiyi materialda deyilir: “Bu insident Birləşmiş Ştatlar üçün diplomatik “başağrısı” yarada bilər. Hələ ki, ABŞ müttəfiqi Cənubi Koreya ilə birlikdə KXDR-ə təzyiq göstərməyə çalışır”.
ABŞ-ın rəhbi rəsmiləri bəyan edirlər ki, Kinq Birləşmiş Təhlükəsizlik Zonasına mülki səfər zamanı özü bilə-bilə sərhədi keçib.
ABŞ Silahl Qüvvələrinin Cənubi Koreyadakı rəsmi təmsilçisi polkovnik İsaak Teylor deyib: “Biz hesab edirik ki, o, indi Koreya Xalq Demokratik Respublikasında nəzarət altında saxlanılır. Koreya Xalq Ordusundakı həmkarlarımızla birlikdə bu insidentin nizamlanması üzərində çalışırıq”.
Mətbuatın yazdığına görə, Trevis Kinq kəşfiyyatçıdır, 2021-ci ilin yanvarından silahlı qüvvələrdə xidmət edir. Kinqin Cənubi Koreyada nə zamandan bəri xidmət elədiyi açıqlanmayıb. Onun hücum elədiyinə görə, cəzalandırıldığı və istintaq təcridxanasında 50 gün saxlanıldığı bildirilir.
Hürr Tərcüman
