"44 günə işğalçılara qalib gələ bildik, 344 aydır ki, AZAL-a qalib gələ bilmirik" - NATİQ CƏFƏRLİ
"AZAL 2,2 mlrd. manat borcu qaytarmayacaq, bir müddət sonra borclar silinəcək, bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə"
"İnhisarçı olasan, bütün uçuşlara, yerüstü xidmətlərə nəzarət edəsən, qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə-ziyanla işləyəsən. Söhbət yenə analoqu olmayan şirkətdən, AZAL-dan gedir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
AZAL-ın son maliyyə hesabatını açıqladığını deyən Natiq Cəfərli qeyd edib ki, şirkət 2020-ci ili 76 milyon 415 min manat xalis zərər ilə başa vurub: "Halbuki 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya da alıb. Bundan başqa AZAL-ın 2,2 mlrd. manat borcu da var, əsas borc dövlətə, Maliyyə Nazirliyinədir, yəni, ölmüş puldur. Bu vəsaiti AZAL heç qaytarmayacaq da, bir müddət sonra borclar silinəcək. Bunun bir adı var – oğurluq, talançılıq, qeyri-effektiv idarəetmə, 44 günə işğalçılara qalib gələ bildik, 344 aydır (şirkət yaranandan bu günə) ki, bir tək AZAL-a qalib gələ bilmirik".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az