📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"44 günlük Vətən müharibəsindən öncə cəmiyyətimizin vətənpərvərliyi barədə haqsız iddialar ortaya atılırdı" - ARAZ ASLANLI

2023-10-31 15:55:36

"Ucuz populizm naminə, "reytinq" bəhanəsinə sığınaraq keyfiyyətsizliyin artmasına töhfə verməkdənsə ortaya daha müsbət nümunələr qoymaq lazımdır"

"Problemin mənbəyi diaqnoz qoymağa, xüsusilə də məsuliyyəti kənar amillərin üstünə atmağa çalışanda məsələ daha da mürəkkəbləşir. Tamaşaçı zövqü formalaşdırılan bir şeydir. Təbii ki, onu sadəcə bir televiziya kanalı formalaşdırmır. Ailə, təhsil, çevrə, oxuduğu əsərlər, gəzdiyi yerlər, digər KİV, o cümlədən sosial media və s. birlikdə formalaşdırır. Amma zövqü formalaşdıranlar (ailə, təhsil qurumları, KİV hamısı birlikdə) hamısı birlikdə tamaşaçı zövqünün keyfiyyətsizliyindən şikayət edirsə, burada nəsə doğru deyil". Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Strateji inkişaf məsələləri üzrə prorektoru, siyasi ekspert Araz Aslanlı bildirib.  

Onun sözlərinə görə, keyfiyyətli məhsul ortaya qoymamağın, ya da qoya bilməməyin məsuliyyətini "keyfiyyətsiz tamaşaçı zövqünün" üstünə atmağa çalışırlarsa, öz sahələrini yanlış, ya da əskik bilirlər: "Aydındır ki, heç kimin əlində sehrli çubuq yoxdur. Amma hamı öz sahəsində daha yaxşı nümunələri yaratmağa, daha keyfiyyətli mühitin yaranması üçün töhfə verməyə çalışa bilər. Unutmamalıyıq ki, ümumi mühitin keyfiyyətli olması şəxsi məsələ deyil, ictimai məsələdir. Keyfiyyətsizlikdən hər birimiz zərər görürük və görəcəyik, keyfiyyətin artması hamımızın xeyrinədir. 44 günlük Vətən müharibəsindən öncə cəmiyyətimizin vətənpərvərliyi barədə də haqsız iddialar ortaya atılırdı. "Elita" cəmiyyəti aşağılamağa çalışırdı. Amma o cəmiyyət övladlarını, özünü Vətən üçün qurban verdi, həqiqi vətənpərvərliyini (keyfiyyətini) ortaya qoydu. Ucuz populizm naminə, "reytinq" bəhanəsinə sığınaraq keyfiyyətsizliyin artmasına töhfə verməkdənsə ortaya daha müsbət nümunələr qoymaq lazımdır. Onda görəcəksiniz ki, cəmiyyətimiz uğurlu nümunələrə necə üstünlük verir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az