5-ci polis bölməsinin müstəntiqi "hörmət"siz işə baxmır - DƏLƏDUZLUQ İŞİ MƏHKƏMƏYƏ GÖNDƏRİLMƏDİ
Ötən buraxılışımızda Abşeron rayonunun 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsinə sahiblənmiş şəxsin ərazini hissələrə bölərək, qanunsuz olaraq müxtəlif şəxslərə satması ilə bağlı məlumat vermişdik. İddialara görə, sözügedən şəxs eyni ərazini 4-5 nəfərə satmaqdan belə çəkinmir. Qeyd edək ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 14.03.2008-ci il tarixli, 237 nömrəli sərəcamına əsasən, Əliyev Taleh Nizami oğlunun adına 1 nömrəli Zeytunçuluq Savxozunun ərazisində 2,96 ha torpaq sahəsi ayrılıb. Əldə etdiyimiz sənədlərdən aydın olur ki, Taleh Əliyev torpaqla bağlı bütün səlahiyyətlərini notarial qaydada qardaşı Coşqun Əlizadəyə ötürüb.
Şikayətçi olan vətəndaşlar iddia edirlər ki, aldıqları torpaq sahəsi təkcə bir şəxsə deyil, eyni zamanda dörd-beş şəxsə də satılıb. Belə olan halda, onlar nə torpaq sahəsini, nə də verdikləri pulu geri qaytara bilirlər.
Bu hadisədən məlumatlı olduqdan sonra ortaya maraqlı suallar çıxır. Görəsən, Abşeron rayon İcra Hakimiyyəti tərəfindən Taleh Əliyevə torpaq sahəsi hansı məqsədlər üçün ayrılıb ki, o, daha doğrusu qardaşı Coşqun Əlizadə həmin torpaq sahəsini satışa çıxarıb? Ümumiyyətlı, həmin 2,96 ha torpaq sahəsinin təyinatı nədir?...
Bu suallara cavab axtarmazdan öncə, dəyərli oxucuların diqqətinə çatdıraq ki, məlum torpaq sahələrinin alqı-satqısı yalnız bir notariat ofisində - Bakı şəhəri 11 saylı Notariusda həyata keçirilib. Bu baxımdan, şikayətçilər iddia edir ki, Coşqun Əlizadənin bütün qanunsuz əməllərinə 11 saylı Notarius ofisinin xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu şərait yaradım. Yəni, dolayısı ilə onlara qarşı dələduzluq əməlində İ.Məmmədovun da əlinin olduğu bildirilir.
Əlizadə-Məmmədov “cütlüyü”nün qanunsuz əməllərindən zərər çəkən şəxlərdən biri Yeni Suraxanı qəsəbəsində yaşayan Cahangirov Valeh Məhəmməd oğludur. O, "Hürriyyət"in redaksiyasına yenidən gələrək, Coşqun Əlizadə tərəfindən aldadıldığını bildirib. Valeh Cahangirovun sözlərinə görə, Bakı şəhər 11 saylı Notarius ofisində C.Əlizadədən aldığı torpaq sahəsinə dair etibarnamə sonradan ondan xəbərsiz ləğv edilib:
"Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yaşayıram. Taksi fəaliyyət ilə məşğulam. Yəni kəndin hamısını tanıyıram. Açıq desək, kim nə işlə məşğuldursa, bilirəm. Həmin ərazidə torpaq satanlardan biri də Coşqun Əlizadədir. Çox imkanlı adamdır. Həmin ərazidə bütün torpaqlar etibarnamə ilə alınıb. Kənd təsərrüfatı xarakterli olmasına baxmayaraq, həmin torpaqlarda evlər tikilib. Mən də orda torpaq almışam və ev tikmişəm. Mənə də sözügedən ərazini təklif edən Əlizadə Coşqunun adamı Elçin Cəfərovdur. O dedi ki, bu ərazinin sotunu 2000 manatdan satırıq. Daha sonra Coşqun Əlizadə ilə əlaqə saxladıq. Telefon əlaqəsində ona bildirdim ki, pulu faizə götürmüşəm… Mənə pul verən adam da demişdi ki, pul verilməsi üçün girov qoymaq lazımdır. Coşqun Əlizadə mənə narahat olmamağımı dedi.
Daha sonra Elçin Cəfərov sənədimi məndən alıb, Coşqun Əlizadəyə apardı. İki-üç gündən sonra Coşqun Əlizadə zəng etdi ki, Bakı şəhəri 11 saylı Notariusa gəlim. Notariusda 4 sot torpaq etibarnamə ilə Əlizadə Coşqunun adından mənə verildi. Üstündən 7 ay keçəndən sonra mənə dedilər ki, notariusda mənim sənədim yoxdur. Ləğv olunduğunu bildirdilər. Məsələdən xəbər tutduqdan sonra 11 saylı Notariusa getdim, dedim ki, əgər etibarnamə ləğv edilirsə, vətəndaşa xəbər verilməli, ən azından evinə məktub göndərilməlidir. Amma məndən xəbərsiz etibarnamə ləğv edilib".
Valeh Cahangirov iddia edir ki, bir çox vətəndaş da eyni üsul ilə Coşqun Əlizadə tərəfindən aldadılıb. Şikayətçi 11 saylı Notarius ofisinin xüsusi notariusu İlqar Məmmədovun da Coşqun Əlizadə ilə əlbir olduğunu vurğulayıb:
"Coşqun Əlizadə iddia edir ki, ödədiyim pul ona verilməyib. Mənim kimi çox adamları belə aldadıblar. Ödənişi etdiyim adam da ortalıqda yoxdur. Bunlar hamısı bir-birlərilə əlbirdirlər. Ərazi üzrə polisə müraciət etdim. Polislə əraziyə gəldim. Polis müvəkkili Coşqun Əlizadəyə zəng edib əraziyə çağırsa da, o, gəlməkdən imtina etdi. Əgər mən pul verməmişəmsə, necə olur ki, Coşqun Əlizadə 11 saylı Notariusa mənimlə birgə gəlir və mənə etibarnamə verilir?! Bakı şəhəri 11 saylı Notarius idarəsi qanunsuzluq edir. Məndən xəbərsiz etibarnamə ləğv edilib. Coşqun Əlizadə notarius idarəsi ilə əlbirdir. Müxtəlif şəxslərin etibarnaməsi də ləğv edilib.
Rəsmi olaraq polis idarəsinə də müraciət etmişəm. Polis idarəsində Coşqun Əlizadədən şikayətin çox olduğu bildirilib. Amma işimə düzgün qaydada baxılmır. Hara şikayət edirəm, bir-birlərinin üzərinə atırlar".
Şikayətçinin müraciəti uzun ötür-ötürdən sonra sonda 5-ci polis bölməsinin müstəntiqi, mayor Nihad adlı şəxsin əlinə çatır. Valeh Cahangirovun iddiasına görə müstəntiq işin baxılıb məhkəməyə göndərilməsi üçün ondan "hörmət" etməsini istəyir. O isə imkansız olduğunu əsas gətirirək "hörmət" edə bilmir. Bu baxımdan da iş rədd edilir:
"Hara şikayət edirəmsə, şikayətimə müsbət cavab verən yoxdur. Şikayətimə rədd cavabı verilir. Məcburiyyətdən media vasitəsilə aidiyyatı qurumlara müraciət edirəm. Daxili İşlər naziri Vilayət Eyvazova müraciət etmişdim. Müraciətimin əsasında işin araşdırılması üçün polis polkovnik-leytenantı Ceyhun Tağıyevə verilib. Ceyhun Tağıyev izahatımı alandan sonra bildirdi ki, ərazidə torpağa baxmaq üçün gələcək. Mən də bir müddətdir gözlədim, amma gəlmədi. Dəfələrlə əlaqə yaratsam da zəngimə cavab vermir. Ona bildirmişdim ki, burda zərərçəkən tək mən deyiləm. Xeyli sayda insan da var. Daha sonra məcbur olub, Respublikanın Baş Prokuroru cənab Kamran Əliyevə müraciət ünvanladım. Müraciətim araşdırılması üçün Bakı şəhər Prokurorluğuna göndərildi. Bakı şəhər Prokurorluğu da öz növbəsində Binəqədi Prokurorluğuna göndərdi. Binəqədi Prokurorluğu isə işi 5-ci polis bölməsinə göndərdi. 5-ci polis bölməsinin müstənqi polis mayoru Nihad adlı şəxs işə baxırdı. İzahatımı yazdım. Lazım olan sənəd və sübutları təqdim etdim. İşlə tanış olandan sonra dedi ki, nə hörmət edə bilərsən?...İşin məhkəməyə göndərdilməsi üçün hörmət etməyimi istədi. Ona imkanımın olmadığını dedim. Evə qayıdıb gəldim. Lakin, sonra polis mayoru mənimlə əlaqə saxlamadı. 20 gün keçəndən sonra özüm yenidən 5-ci polis bölməsinə getdim. İşimə baxan polis mayoru dedi ki, mənim işimi bağlayıb. Ona dedim ki, axı heç üzləşdirilmə olmayıb. Bəlkə mən yalan danışıram...Mənə dedi ki, get məhkəməyə ver. Yenə də məni yola verdi. İşimə də baxmadı. Bir müddət keçəndən sonra yenidən getdim. Yenə də dedi ki, mənim işim rədd edilib. Bu dəfə isə mənə vəkil tutmağımı məsləhət gördü. Mənim isə vəkil tutmağa imkanım yoxdur. Cənab nazir Vilayət Eyvazov və cənab Baş Prokuror Kamran Əliyevdən xahiş edirəm ki, işi nəzarətə götürsünlər".
Son zamanlar vətəndaşlar tərəfindən avtomobilin və ya digər daşınmaz əmlakın “universal” ("generalnı doverennost") və ya “baş etibarnamə” adlanan etibarnamə ilə alınmasından yaranan problemlərlə qarşılaşırıq. Vətəndaşlar satış prosesində alqı-satqı müqaviləsi bağlamaqdan çəkinərək, işlərini daha asan olan etibarnaməyə etibar edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsində nəzərdə tutulmuşdur ki: Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Qanunla etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Mülki Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Lakin Bakı şəhər 11 saylı Notarius ofisi qanundan kənar addımnlar ataraq, etibarnamə verilmiş şəxsi məlumatlandırmamışdır. Bununla bağlı sözügedən notarius idarəsinin münasibətini öyrənməyə çalışsaq, da bu mümkün olmadı.
YƏHYA