📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

5 günlük körpə həkim səhlənkarlğı nəticəsində ölüb? - Xəstəxanadan açıqlama

2026-02-23 18:15:57

5 günlük körpə həkim səhlənkarlğı nəticəsində ölüb? - Xəstəxanadan açıqlama

Xəbər verdiyimiz kimi, ötən gün 5 günlük körpə Qasımov Alparslan Nurlan oğlu vəfat edib. 

Zərdab Rayon Mərkəzi Xəstəxanasından "AzPolitika"-nın sorğusuna cavab olaraq bildirilib ki,  21.02.2026-cı il tarixində saat 11:50 radələrində 2026-cı il təvəllüdlü yenidoğulmuş (kişi cinsli) üçün Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinə müraciət olunub və körpəyə fizioloji sarılıq diaqnozu təyin olunub.

Bildirilir ki, həkim tərəfindən körpənin ümumi vəziyyəti kafi qiymətləndirilib, dərisi təmiz, az miqdarda sarılıq müşahidə olunub, aktivliyi və refleksləri normal qiymətləndirilib:"Auskultasiya zamanı ağciyərlərdə pueril tənəffüs eşidilib, cor tonları ritmik olub, qarın köplü, göbək ciyəsi düşməmiş və yeri yaş olub. Qaraciyər və dalaq əllənməyib stul və diurez normal olub. 22.02.2026-cı il tarixində saat 02:40 radələrində körpə təkrar olaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə daxil olub. Körpəyə ikterik sarılıq, nevroloji simptomatika diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Körpənin valideynlərinə ixtisaslaşmış tibb müəssisəsi olan Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət olunması tövsiyə olunub və onlar tibb müəssisəsini tərk ediblər. Qeyd edək ki, ana 08.07.2025-ci ildə ilk dəfə Zərdab Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzində hamilə kimi qeydiyyata düşüb. Lakin hamilə müntəzəm tibbi müayinələrdən imtina edib və hamiləliyin gedişinin özəl tibb müəssisəsinin həkim-mütəxəssisi tərəfindən izlənilməsi barədə müvafiq rəsmi sənəd imzalayıb".

Bildirilir ki, 05.02.2026-cı il tarixində Zərdab Rayon Mərkəzi Xəstəxanasına yenidən müraciət edib və 12.02.26 tarixində 36-37 həftə hamiləliyə görə dəyişmə vərəqi əldə edib. Doğuş 17.02.2026-cı il tarixində özəl tibb müəssisəsində icra olunub.

***

Ötən gün Zərdab rayonunda 5 günlük körpə Qasımov Alparslan Nurlan oğlu vəfat edib.

Ailə yaxınlarının "AzPolitika"-ya verdiyi məlumatda bildirilir ki, körpənin səhhəti Zərdab rayon Mərkəzi Xəstəxanası PHŞ-nin ASM bölməsində qoyulan səhv diaqnozdan sonra ağırlaşıb.

Ailə körpəni təcili şəkildə Bakı şəhərində yerləşən tibb müəssisələrindən birinə çatdırıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, 5 günlük körpənin həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları hadisənin hüquqi müstəvidə araşdırılması üçün bütün hüquqi addımların atılacağını bildiriblər.

Qeyd edək ki, baş verən hadisə ilə bağlı TƏBİB-ə sorğu ünvanlamışıq.