📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

5 saat davam edən gizli görüşdə nələr müzakirə olunub? - Ağ Ev Ukrayna üçün silah istehsalçılarını bir araya topladı

2024-01-09 13:28:36

5 saat davam edən gizli görüşdə nələr müzakirə olunub? - Ağ Ev Ukrayna üçün silah istehsalçılarını bir araya topladı

ABŞ Prezident Administrasiyasının Milli Təhlükəsizlik Şurası ötən gün texnologiya və müdafiə şirkətlərinin rəhbərləri ilə görüş keçirib.

Hurriyyet.az xəbər verir ki, "Reuters"-in özəl mənbələrə istinadla verdiyi məlumata görə, görüş 5 saata yaxın davam edib.

Bayden administrasiyasının adı açıqlanmayan rəsmisi qeyd edib ki, iclas Ağ Evin Milli Təhlükəsizlik Şurasının sədri Ceyk Sullivan tərəfindən Ukraynaya dəstək məqsədilə təşkil olunub.

İclasda iştirak edən şəxslər arasında "Fortem Aerospace" şirkətinin (pilotsuz təyyarələrin aşkar edilməsi və məhv edilməsi üçün hava məkanının mühafizəsi) rəhbər şəxsləri, "Palantir Technologies" və "Anduril Industries" müdafiə şirkətlərinin rəhbərləri, həmçinin pilotsuz təyyarə istehsalçısı "Skydio" şirkətinin rəsmiləri də olub.

Görüşdə Ukraynaya dəstək üçün ABŞ avadanlıqlarından səmərəli istifadə, rusların dron hücumları ilə daha effektiv mübarizə aparmaq barədə müzakirələr aparılıb.

“Müzakirələr bir sıra sistemlər, xüsusən də pilotsuz uçuş sistemləri, dron sistemlərinə qarşı necə mübarizə aparmaq və minalardan təmizləmə məsələsindən ibarət olub”, - deyə rəsmilərdən biri bildirib.

Görüşün digər təfərrüatlarıyla bağlı əlavə məlumat verilməyib.

AzPolitika.info