📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

54 yaşında vəfat edən Azərbaycan Milli Qəhrəmanı kimdir? – DOSYE

2026-11-16 11:42:19

54 yaşında vəfat edən Azərbaycan Milli Qəhrəmanı kimdir? – DOSYE

Birinci Qarabağ müharibəsinin iştirakçısı, ağır döyüşlərdə yaralanmasına baxmayaraq, yenidən cəbhəyə qayıdan Ehtiram Əliyev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparmış hərbçilərdən biri idi. Onun həyat yolu Naxçıvandan Qarabağ cəbhəsinə, döyüş səngərlərindən Milli Qəhrəman adına qədər uzanıb.

Noyabrın 15-də, 54 yaşında vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Ehtiram İsrayıl oğlu Əliyev Birinci Qarabağ müharibəsinin ən ağır dövrlərində döyüşmüş, ölkənin müdafiəsində göstərdiyi xidmətlərə görə dövlətin ali fərqlənmə adına layiq görülmüş şəxslərdən idi.

Hurriyyet.net Musavat.com istinadən xəbər verir ki,  Milli Qəhrəmanın həyat və döyüş yolu barədə dosyeni təqdim edir.

WhatsApp Image 2026-11-15 at 17.34.25.jpeg (64 KB)

Ucardan başlayan həyat yolu

Ehtiram İsrayıl oğlu Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində anadan olub.

1987-ci ildə doğma kəndində səkkizinci sinfi bitirdikdən sonra Bakı Maşınqayırma Texnikumuna daxil olub. 1992-ci ildə təhsilini başa vuraraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına çağırılıb.

Onun hərbi xidmətə başladığı dövr Azərbaycanın ən mürəkkəb illərinə təsadüf edirdi. Qarabağda müharibə davam edir, Naxçıvanın sərhəd bölgələrində də ağır döyüşlər gedirdi.

Naxçıvandan Qarabağa – ağır döyüşlərin iştirakçısı

1992-ci ilin iyununda hərbi xidmətə başlayan Ehtiram Əliyev Naxçıvan Muxtar Respublikasına göndərilib. Burada Sədərək və Batabat yaylağı istiqamətlərində erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak edib.

1993-cü ilin iyulunda onun xidmət etdiyi hərbi hissə Ağdam cəbhəsinə göndərilib. Ehtiram Əliyev sonrakı aylarda Ağdam, Füzuli, Cəbrayıl və Tərtər istiqamətlərində keçirilən hərbi əməliyyatlarda fərqlənib.

Onun döyüş tərcümeyi-halında 1993-cü il avqustun 23-də Füzulinin Əhmədbəyli kəndi istiqamətində baş verən hərbi əməliyyat xüsusi yer tutur. Həmin döyüşlərdə Azərbaycan hərbçiləri strateji yüksəkliklərdə möhkəmlənmiş erməni qüvvələrinin müqaviməti ilə üzləşmişdilər. Ağır şəraitə baxmayaraq, Azərbaycan bölmələri bir neçə yaşayış məntəqəsini geri almağa nail olmuşdu.

Yaralandı, amma yenidən səngərə qayıtdı

Ehtiram Əliyevin döyüş yolunun ən diqqətçəkən hadisələrindən biri 1994-cü ilin yanvarında yaşanıb.

Yanvarın 5-də Azərbaycan Ordusunun başladığı hücum əməliyyatları zamanı ağır döyüşlər gedib. Ehtiram Əliyev həmin döyüşlərin birində yaralanıb.

Lakin o, hərbi xidmətini yarımçıq qoymayıb. Müalicəsini başa vurduqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdıb.

1994-cü il aprelin 20-də xidmət etdiyi hərbi hissə Tərtər istiqamətinə göndərilib. Ehtiram Əliyev burada da döyüş əməliyyatlarında iştirakını davam etdirib.

Milli Qəhrəman adını necə aldı?

Ehtiram Əliyev 1995-ci il aprelin 4-də Azərbaycan Respublikası Prezidentinin 307 nömrəli fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Həmin vaxt baş çavuş hərbi rütbəsini daşıyan Ehtiram Əliyevin təltif edilməsi haqqında fərmanda onun Azərbaycanın konstitusiya dövlət quruluşunun müdafiəsində, müstəqilliyinin qorunmasında və dövlət çevrilişi cəhdinin qarşısının alınmasında göstərdiyi şəxsi qəhrəmanlıq və şücaət xüsusi qeyd olunub.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyev ona Milli Qəhrəmanın “Qızıl Ulduz” medalını şəxsən təqdim edib.

Müharibədən sonrakı həyatı

Ehtiram Əliyev 1996-cı ilin avqustunda Azərbaycan Ordusundan tərxis olunub.

1997–1998-ci illərdə Bakının Sabunçu Rayon Polis İdarəsində çalışıb. 2000-ci ildə “Təfəkkür” Universitetinə daxil olaraq ali təhsil alıb.

Sonrakı illərdə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında sərnişindaşımanın təşkili sahəsində rəhbər vəzifələrdə işləyib.

Milli Qəhrəman ailəli idi. İki oğlu və bir qızı var.

IMG_2850.jpg (136 KB)

Ömrünün son günləri

2026-cı ilin oktyabrında Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. Oktyabrın 18-də Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onda xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya aşkarlayıblar. Vəziyyəti ağırlaşdığından noyabrın əvvəlində Milli Onkologiya Mərkəzinə köçürülüb.

Noyabrın 14-də onun süni tənəffüs aparatına qoşulduğu açıqlanıb. Həkimlərin səylərinə baxmayaraq, noyabrın 15-də 54 yaşında vəfat edib.

Beləliklə, ömrünün gənclik illərini Azərbaycanın müdafiəsinə həsr etmiş, Birinci Qarabağ müharibəsinin ağır döyüşlərindən keçmiş daha bir Milli Qəhrəmanın həyat yolu başa çatıb.

Ehtiram Əliyev Azərbaycanın hərb tarixində həm Naxçıvanın müdafiəsində, həm də Qarabağ cəbhəsində iştirak etmiş döyüşçü kimi xatırlanacaq.