📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

60 min manata dəyişən məhkəmə hökmü

2021-07-08 11:22:00

60 min manata dəyişən məhkəmə hökmü

2016-cı ildə iki nəfərin ölümü ilə nəticələnən qəzanın gerçək səbəbləri və əsl günahkarlar…

Azərbaycan məhkəmələrində qatilin “günahsız”, məsumun isə “cani” elan olunması haqda onlarla, bəlkə də yüzlərlə fakt sadalamaq olar. Təəssüflə qeyd etməliyik ki, son illər bu sahədə islahatlar aparılmasına rəğmən, vicdanını pula satan hakimlərin illərdir çıxardığı qanunsuz hökmlər səbəbindən, hələ də vətəndaşların məhkəmə sisteminə inamı yoxdur. Haqqında bəhs edəcəyimiz məhkəmə işi də hakim(lər)in rüşvət hesabına günahsız insanı türməyə atdığı haqda ciddi şübhələr yaradıb. Söhbət 2016-cı ildə baş verən və iki nəfər vətəndaşımızın ölümü ilə nəticələnən qəzadan gedir. Hansı ki, bu qəzadan sonra aparılan araşdırma əsasında ilkin məhkəmə instansiyası obyektiv qərar çıxarsa da, istər Apellyasiya, istər də Ali Məhkəmə bir sıra yüngülləşdirici faktları “gözdən qaçıraraq”, ədalətsiz hökm verməkdə ittiham olunurlar. Ən maraqlısı isə odur ki, qarşı tərəf bu hökmün çıxarılması üçün hakimə 60 min manat rüşvət verdiyini açıq şəkildə etiraf edib. Beləliklə, hadisənin təfərrüatlarına diqqət edək:

Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Məsimov Sərvər Ağalı oğlu ifadəsində göstərib ki, 30 avqust 2016-cı il tarixdə, səhər saat təxminən 09:30 radələrində özünə məxsus ağ rəngli "VAZ 2104" markalı 36-BC-213 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb Qəbələ rayonuna yola düşmüşdür. Hadisədən az əvvəl onun qarşısında "Ford" markalı mikroavtobus getmiş, qarşıdan isə yük maşını gəlib. Həmin yük maşını ona çatmağa təxminən 40-50 metr qalmış "Ford" markalı mikroavtobus sağ tərəfə qəfildən manevr edib. Həmin anda yük maşınının üzərində reklam lövhəsinin olduğunu görərək, maşını sağ tərəfə manevr etdirsə də, həmin lövhə "Ford Transit" markalı mikroavtobusa dəyib. Qarşısında gedən mikroavtobus orta xəttdən sola çıxmayıb, ötmə əməliyyatı etməyib, qarşıdan gələn yük maşınında dəmir lövhə olduğunu görüb qəfildən sağ tərəfə manevr edib.

Şahid qismində dindirilən Əliyev Elnur Ağasəf oğlu isə bildirib ki, 715 saylı stasionar YPX postunda xidmət aparır. 30.08.2016-ci il tarixdə Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində xidmətdə olduğu zaman saat 12:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu ərazisindən keçən 40-ci kilometrində yol-nəqliyyat hadisəsinin baş verdiyi və xəsarət alan şəxslərin olduğu barədə məlumat daxil olub. İş yoldaşı Fuadla birlikdə idarə etdiyi "BMW" markalı xidməti patrul avtomobili ilə dərhal hadisə baş verən əraziyə yollanıblar. Hadisə yerinə çatanda orada xeyli sayda insanların və avtomobillərin toplaşdığını görüblər. Dərhal hadisə yerini mühafizə etməkdən ötrü orada olan şəxsləri hadisə yerindən kənarlaşdırıblar. İsmayıllı istiqamətində yolun hərəkət hissəsində ağ rəngli "Ford Transit" markalı mikroavtobusun ondan arxada isə Muğanlı istiqamətində "Mitsubishi" markalı yük avtomobilinin dayandığını görüblər. Yük avtomobilinin sağ tərəfində yolun kənarına isə iri ölçülü üzü aşağı reklam lövhəsi düşüb. Məlum olub ki, reklam lövhəsi ilə "Ford Transit" markalı mikroavtobusun sol yan hissəsi toqquşub. Onlar hadisə yerinə çatınca xəsarət alan şəxsləri xəstəxanaya yola salıblar. Bu barədə dərhal növbətçi hissəyə məlumat verib və hadisə yerinə müstəntiq göndərilməsini xahiş edib. Bir qədər sonra hadisə yerinə təhqiqatçı Azad Hacıyev gələrək, iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şiralıyeva Nərgiz Hafiz qızı ifadəsində göstərib ki, içərisində olduğu mikroavtobusun sürücüsü yol boyu öz hərəkət zolağı ilə asta sürətlə hərəkət edib və qəzadan əvvəl sola tərəf meyllənməyib, ötmə əməliyyatı yerinə yetirməyib. Həmçinin onu da deyib ki, qəza baş verəndən sonra xəstaxanaya getdikdə orada ayağı əzilən və rentgenə düşmək istəyən kök, qarabuğdayı bir oğlan görüb. Ondan ayağına nə olduğunu soruşduqda deyib ki, o, həmin evakuator avtomobilin üzərində reklam lövhəsini tutaraq dayanıb, qəzadan sonra lövhə ayağına düşərək ayağını əzib.                                                                                         

İş materiallarına əlavə olunmuş 30 avqust 2016-ci il tarixli “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki , yol-nəqliyyat hadisəsi yeri Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonundan keçən 40-cı kilometridir. Yolun hərəkət hissəsi üfüqi düz, asfalt-beton örtüklüdür. Yol örtüyünün eni 7,4 metrdir, 2 hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7,4 metrdir. Hadisə yerində hərəkət zolaqlarını ayıran ağ rəngli üfüqi nişanlanma xətti bütövdür. İsmayıllı istiqamətində getdikdə xətt qırıq-qırıq olur. Sağdan və soldan yol çiyni 1 metrdir. Toqquşma yeri Muğanlı İstiqamətində üfüqi nişanlanma xəttindən sağa 0,2 metr məsafədədir, sağdan sola 3,5 metrdir. “Ford Transit” markalı mikroavtobus İsmayıllı istiqamətində sağ hərəkət zolağında, “Mitsubishi” markalı avtomobil isə Muğanlı istiqamətində sağ hərəkət zolağında ehtiyat hissəyə yaxın dayanıb. Muğanlı istiqamətində üfüqi nişanlanma xəttindən sağ tərəfdə xətt boyunca şüşə qırıntıları tökülüb. “Ford Transit” markalı mikroavtobusun qabaq sol qapısının şüşəsi istisna olmaqla sol yan tərəfində olan şüşələr sınıb, sol orta dayaq əzilib, ondan arxada yerləşən dayaq yerində yoxdur. Reklam lövhəsinin qabaq sol küncü zərbə nəticəsində içəriyə doğru əyilib, dəmirin qabaq hissəsinin sol tərəfində taxta və elastik üzlük yerində yoxdur.

İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza Mərkəzi tərəfindən təqdim edilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 20 oktyabr 2016- cı il tarixli 20370 saylı rəyindən görünür ki, “Mitsubishi-Canter” markalı H 020146 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə metal kontruksiyalı reklam lövhəsi həm eninə, həm də uzununa yükləndiyi halda, onun qabaq sol və sol yan hissəsində, həmçinin “Ford Transit” markalı, 36 -BH-329 dövlət qeydiyyat nişanlı mikroavtobusun sol yan tərəfində olan zədələr bir-biri ilə kontaktda olması nəticəsində yaranmağa xarakterdir.

“Mitsubishi-Canter” markalı H 020146 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində olan reklam lövhəsi ilə toqquşmazdan əvvəl “Ford Transit” markalı 36 BH 329 dövlət qeydiyyat nişanlı mikroavtobusun sola, yaxud sağa istiqamətlənmiş vəziyyətdə hərəkətdə olması ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir.

İş materiallarına əlavə olunan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasına dair 29 noyabr 2016 cı il tarixli 23943 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə, “Ford Transit” markalı, 36 BH 329 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Məmmədov İlqar Osman oğlunun hərəkətlərində Yol Hərəkəti Haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69 -cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin  tələblərinə uyğunsuzluq olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub.

İstintaq tərəfindən təqdim olunmuş məlumatlara görə, “Mitsubishi Canter” markalı  H 020146 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Osmanov Fikrət Qədir oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin  3-cü bəndinin, 57-ci maddəsinin  5-ci və 6-cı hissələrinin tələblərinə uyğunsuzluq olub və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olub.

İş materiallarına əlavə olunan “spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin” 30.08.2016 -cı il tarixli 598 saylı tibbi müayinə aktından görünür ki, Məmmədov İlqar Osman oğlu spirtl içki qəbul etməyib. Həmçinin, DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamadən görünür ki, Məmmədov İlqar Osman oğlu əvvəllər məhkum olmayıb.

İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlər Yol Pols İdarəsi tərəfindən təqdim edilmş 10.10.2016 -cı il tarixli  16 Q 979 saylı məktubdan görünür ki, Məmmədov İlqar Osman oğlunun nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmayıb. Ona 12.04.2012 ci il tarixində AB seriyalı 1730668 saylı “BCD” dərəcəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur.

İş materiallarına əlavə edilmiş İsmayıllı rayon məhkəməsinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 05 may 2017- ci il tarixli qərarından görünür ki, Məmmədov İlqar Osman oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 may 2017-ci il tarixindən hesablanıb, həbsdə saxlanma müddəti 1 ay həddində müəyyən edilib.

(Ardı var)

Hazırladı: KƏNAN