60 yaşlı müəllimlər iyunun 24-də keçiriləcək SERTİFİKATLAŞDIRMADAN AZADDIRLAR?
Vüqar Bayramov: "Milli Məclisin qəbul etdiyi yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür"
"Son günlər iyunun 24-də keçiriləcək növbəti sertifikatlaşdırma imtahanında iştirak ilə bağlı çoxsaylı suallar ünvanlandığından qeyd etmək istərdik ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı qanun layihəsi hər 3 oxunuşda Milli Məclisdə qəbul olunub. Layihə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, Milli Məclisin qəbul etdiyi yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür: "Yəni, dəyişikliklər dövlət başçısı tərəfindən təsdiq olunduqdan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcək. 60 yaşı tamam olan müəllimlərin növbəti sertifikatlaşdırmada iştirakına gəldikdə isə sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur. Onadək isə əvvəlki qaydalar qüvvədədir. Bu baxımdan, cənab Prezident tərəfindən dəyişikliklər təsdiq olunduqdan sonra 60 yaşı tamam olan müəllimlər üçün sertifikatlaşdırmada iştirak könüllü olacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az