74 yaşlı qadın axtarışa verildi – CİNAYƏTDƏ İTTİHAM OLUNUR
Bakıda başqasının torpağını qanunsuz zəbt etməkdə təqsirləndirilən 74 yaşlı Qədəm Tarverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hurriyyet.net apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin xəbərdarlıqlara baxmayaraq, növbəti dəfə iclasda iştirak etmədiyi bildirilib.
Məhkəmə Qədəm Tarverdiyevanın axtarışa verilməsini, barəsində olan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi barədə qərar verib.
Qeyd edək ki, 1952-ci il təvəllüdlü Qədəm Tarverdiyeva barəsində daxil olan şikayətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsində istintaq aparılıb.
İstintaqla müəyyən olunub ki, Q.Tarverdiyeva Binəqədi qəsəbəsində qanunsuz olaraq torpaqları zəbt edib. Həmçinin 2023-cü ildə zərərçəkənin Binəqədi qəsəbəsində yerləşən həyətinə qanunsuz daxil olaraq videomüşahidə kameralarını sındırıb, evdən ümumi dəyəri 17 min 600 manat təşkil edən çoxlu sayda məişət əşyaları oğurlayıb.
Bundan başqa o, digər zərərçəkənin torpağına qanunsuz daxil olaraq onun həyətindəki dəmir hasarı söküb yerinə yenisini qoyaraq torpağını mənimsəməkdə də ittiham olunub.
Qədəm Tarverdiyeva Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq) və 188.4.1-ci (torpaq sahəsini özbaşına tutma və qanunsuz tikinti işləri aparma) maddələri ilə təqsirləndirilir.
O, 2024-cü ilin iyun ayında istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub və iyul ayında tutularaq saxlanılıb, barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Qədəm Tarverdiyeva 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluq ittihamı üzrə 10 il müddətinə azadlıqdan məhrum edilib. Eyni iş üzrə onun oğlu Nadir Tarverdiyev də məhkum olunub.
O, 2020-ci ilin aprel ayında əfv sərəncamına əsasən, cəzanın çəkilməmiş hissəsindən azad edilib.