800-dən çox adam İŞDƏN ÇIXARILIR – Tanınmış şirkətdən ŞOK QƏRAR
Avstraliyanın ən böyük aviaşirkəti “Qantas”ın texnologiya şirkəti “Accenture” ilə imzaladığı razılaşmadan sonra təxminən 850 əməkdaşını mərhələli şəkildə işdən çıxaracağı bildirilir.
Hurriyyet.net xəbər verir ki, “The Australian” qəzetinin məlumatına görə, “Qantas”ın baş icraçı direktoru Vanessa Hudson bu gün əməkdaşlara göndərdiyi elektron məktubda şirkətdəki bəzi işlərin növbəti illərdə mərhələli şəkildə Hindistan mərkəzli “Accenture” şirkətinə ötürüləcəyini bildirib. İlk dəyişikliklərin 2027-ci ilin ortalarında həyata keçirilməsi gözlənilir.
Hudson sözügedən razılaşmanın mərhələli şəkildə 850 nəfərə təsir edəcəyini vurğulayıb. O, qərarın bəzi əməkdaşlar üçün “ağır xəbər” olduğunu qəbul edərək qeyri-müəyyənlik yaşayanlardan üzr istəyib.
“Accenture” şirkətinin digər aviaşirkətlər də daxil olmaqla, böyük təşkilatlar üçün oxşar xidmətlər göstərdiyini bildirən Hudson qərarın əməkdaşların zəhməti və şirkətə bağlılığı ilə əlaqəsi olmadığını müdafiə edib.
“Texnologiya və süni intellekt sahəsində dəyişikliklərin sürəti və miqyası həyatımız boyu görmədiyimiz səviyyədədir. Bu dəyişiklik müştərilərimizin bizdən gözləntilərini, eləcə də sizin hər gün istifadə etdiyiniz vasitələrdən gözləntilərinizi dəyişir. Aviasiya və digər sahələrdə qabaqcıl şirkətlər sürətlə irəliləyir. Yerimizdə saymaq bizim üçün seçim deyil”, – deyə o bildirib.
Qantas bəzi korporativ xidmətlərini Accenture-a ötürəcək
Şirkətin məsələ ilə bağlı yaydığı açıqlamada “Accenture” ilə tərəfdaşlığın kompüter sistemlərini, iş proseslərini və məlumat bazalarını yeniləmək məqsədi daşıdığı bildirilib. Qeyd olunub ki, bu addım texnologiya və süni intellekt sahəsindəki sürətli dəyişikliklərə uyğunlaşmaq üçün atılır.
Açıqlamada şirkətin maliyyə, inzibati işlər və texnologiya kimi bəzi korporativ xidmətlərinin “Accenture”a ötürüləcəyi qeyd edilib. Bu xidmətlərin əsas hissəsini “Accenture”ın Hindistandakı komandaları, müəyyən qismini isə Avstraliyadakı əməkdaşları həyata keçirəcək.
Həmçinin xidmətlərin zaman keçdikcə avtomatlaşdırma və süni intellekt vasitəsilə daha da dəyişdiriləcəyi vurğulanıb.
“Qantas”ın hər il texnologiyaya 1 milyard dollardan çox vəsait yatırdığı bildirilən açıqlamada Adelaida şəhərində yaradılan Məhsul İnnovasiyaları Mərkəzində çalışanların sayının 400 nəfərdən çoxa çatdırılmasının planlaşdırıldığı da qeyd olunub.
Bundan əlavə, minlərlə şirkət əməkdaşının artıq süni intellekt alətlərindən istifadə etdiyi bildirilib.