82 yaşlı Qarabağ veteranından Mehriban Əliyevaya müraciət
Saleh Cəfərov: “Sizdən xahiş edirəm ki, müraciətimi şəxsi nəzarətinizə alın…”
Qarabağ Müharibəsinin 82 yaşlı veteran, II qrup əlili Saleh Cəfərov “Hürriyyət” qəzeti vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:
Çox hörmətli Mehriban xanım!
Sizə keçən il 3 ədəd ərizə yazmışdım. Birinci ərizəm acınacaqlı vəziyyətdə olan 15 kv. metrlik darısqal, bərbad mənzildə yaşamağımız barədə idi…
1961-ci ildə instituta qəbul olan zaman 2 il əmək stajım düzəlmirdi, ona görə mənə təklif etdilər ki, gəl keçirək axşam şöbəsinə, həm işlə, həm də oxu. 5 il işləyə-işləyə oxudum və 20 il mənzil növbəsində dayandım. 20 ildən sonra keçmiş Şaumyan rayonunun İcra Hakimiyyəti məni çağırıb dedi ki, 8-ci km qəsəbəsi, Naxçıvanski küçəsi 45-ci binada mənzil var, get bax gəl, razı olsan onun orderini yazaq, verək sənə.
26 saylı mənzil idarəsinə gəldim. İdarənin rəisi dedi ki, get orderi al gəl, əla mənzildir. Bir mismara da ehtiyacı yoxdur, mənzilin açarı məndə deyil. Həmin günün səhəri gəlib orderi alıb gətirdim. Rəis erməni qadınını çağırıb dedi ki, get qapını aç, mənzili bu yoldaşa təhvil ver. Gəlib açanda gözlərimə inanmadım. Mənəzil nə mənəzil, elə bil Stalinqrad müharibəsindən qalmadır, nə döşəməsi var, nə də sobası. Elektrik xətləri də betonun içində qırılmış vəziyyətdə. Gözlərimə inanmadım, qayıdıb Şaumyan rayonuna gedib, vəziyyəti onlara dedim. Cavab verdilər ki, olanımız odur, indi ora bizlik deyil, Nizami rayonu ərazisində qaldı. Nizami rayonundan isə dedilər ki, kim verib, onlar da təmir etməlidirlər.
Məni futbol topu kimi Nizami rayonu Şaumyan rayonuna, Şuaumyan rayonu Nizami rayonuna göndərdi. Beləliklə, 15 kv.metr evin qapısı 3 il bağlı qaldı. Əlacım kəsildi, başladım özüm təmir etməyə, 3 ədəd barmağımı kəsdim. Qanım axa-axa cərraha getdim. Həkim mənə dedi: «Gəl, üç barmağını kəsək, yoxsa qanqrena edər, sol biləkdn əlini itirə bilərsən”. Razı olmadım, 6 ay əlim gipsdə ola-ola işə getdim. Ona görə belə etdim ki, əvvəl xəstə olandan sonra qayıdıb işə çıxanda baxıb görürdüm ki, bir saat da olsun belə dərs keçməyiblər, ağırlığını yenə mən çəkərdim. 6 aydan sonra barmaqlarım sağaldı. Həkim də şad oldu və dedi ki, kəsməyə qoymadın.
Valideynlərimin yeganə oğlu idim. Bir axşam onlara dedim ki, gəlin bu evi sataq, sizi də götürüb Bakıya aparım. Çünki uzaq yolda sizə kömək edə bilmirəm. Mənim bu təklifim onların bərk xətirinə dəydi və məyus oldular. Anam ağladı, dedi ki, oğul, bu nə sözdür deyirsən. Atamın, qardaşlarımın, balalarımın məzarları bu torpaqdadır. Onların ruhu məni bağışlamaz. Nəinki bağışlamaz, heç kəndin ayağana qədər də sağ qala bilmərəm, çatlayıb ölərəm. Atam da məyus oldu və dedi bu ermənilər gec-tez yenə aranı qarışdıracaqlar, torpağı, yurdu düşmənə vermək olmaz, bizim yurdumuzu burdan dağıtma, ölsək də bu yurdda qalmalıyıq, bu evi-eşiyi, varı-dövləti sənin üçün yığmışıq. 600 kv.metr yaşayış evlərimiz, 2 qamış, yanında balaları, 2 ədəd inək, 20 yeşik bal arısı və 200 kv.metrlik mal tövləsi və s. Evimizin əşyalarını 3 ədəd yük maşınları da apara bilməzdi. Qaldım çətin vəziyyətdə. Valideynlərimin yeganə oğlu mən olduğumdan, onların yükü mənim üstümdə idi. Valideynlərim ağır xəstə idi. Evim olmadığı üçün onları yanıma gətirib müalicə etdirə bilmədim. Cavan və xəstə anam dünyasını dəyişdi. Atam onun dərdinə dözmürdü, hər gün ağlayırdı. Anamın ilin verən kimi atam dünyasını dəyişdi. Sonra mənim böyük bacım da selə düşərək, faciəli surətdə dünyasını dəyişdi. Onun beş balası da mənim ümidimdə qaldı.
Kənddə döyüş gedəndə onun kiçik qızı qorxudan şəkər tutdu. Nəhayət, o da dünyasını dəyişdi. Ortancıl qızı köçürmüşdük, Bərdədə maşın vurması nəticəsində o da dünyasını dəyişdi. Hansı ki, vaxtında yüz dəfələrlə səlahiyyətli təşkilatlaın yanında olmuşdum ki, mənə də mənzil verin, onları yanıma gətirim. İnsafsızlar heç bir xahişimə əməl etmirdilər. Məni tanıyanlar mənə məsləhət verirdilər ki, kəsməsən qanamaz, sən bu qanunpərəstliyindən əl çək, biz gedək, sənə mənzil alaq. Sən elə bilirsən ki, biz ev alanda elə-belə almışıq, bizi qaz kimi yolublar.
…Bəli, mənzil növbəsində 20 il dayandığım müddətdə mənim böyük bacım da faciəli şəkildə dünyasını dəyişdi. Onun 5 balası da mənim ümidimə qaldı.
1988-ci ilin fevralında uzun illərin müharibə hazırlığından sonra ermənilər açıqdan-açığa ayayğa qalxdılar. Mən də əvvəllər onların məxfi hərəkətləri barədə Bakıya xəbər verirdimsə də, deyirdilər ki, fikir vermə, heç bir qələt edə bilməzlər.
1988-ci ilin avqustun axırlarında Qarabağdan sərnişin avtobusu ilə Bakıya işə gəlirdim. Avtobusda əyləşən qoca erməni gəlib yanımda əyləşdi və mənə dedi:
- Sənin bu işlərdən ağlın nə kəsir?
Mən ona dedim:
- Hansı işlərdən?
- Bu ermənilərin ayağa qalxmasından?
Mən ona dedim:
- Görürsən, hər bir erməni kəndinin sosial problemləri bir çox azərbaycanlı rayonların mərkəzindən də üstündü. Tarixən Qarabağda bir şəhər olub, o da Şuşa şəhəridir. İndiki Stepanakertin yerində 5-10 yaşayış evi olub. O da Kərkicahan camaatının əkin yeri olub. Pənah xan Şuşa qalasını tikdirəndə sənətkar erməniləri başqa yerlərdən toplayıb Qarabağa Şuşanın tikintisinə gətirib. Şuşada din xadimləri və başqaları xanın bu tədbirinə etiraz ediblər. Xan ermənilərin təhlükəsizliyini təmin etmək üçün, bayaq dediyim kimi, kərkicahanlıların əkin yerində bir neçə yaşayış evi tikdirir və erməniləri orada yerləşdirir. Onların təhlükəsizliyini təmin etmək üçün səhər-axşam firqonlarla Şuşanın tikintisindən gətirərmiş və axşam da həmin evlərə qaytararmış. Xanın qorxusundan heç kim ermənilərə bir söz deyə bilməmiş. Ermənilərin də yaşadığı yerin adını qoyur Xankəndi. İndi bax gör, Qarabağda tarixi şəhər Şuşaya da bax, Xankəndinə də. Xankəndi böyük bir şəhərə çevrilib. Bu ermənilər niyə belə edirlər?
Qoca erməni mənə dedi:
- Mən o ermənilərə çox dedim, məni eşitmədilər. Hətta mənə Azərbaycan agenti adı qoydular. Əlavə etdi ki, - şadlığınıza şitlik eləməyin, oturun yerinizə. Erməni mənə təklif etdi ki, “sən uşaq idin, kənddə sizdə çox olmuşam, atan, anan sakit və zəhmətkeş idilər, heç kimlə işləri olan deyildi. Gəl səninlə belə bir sövdə edək. Moskvada Mərkəzi Komitədə adamımız işləyir. Moskvadan mənə xəbər veriblər ki, Bakıdan uzaqlaş. Mən Kislovodskidə yaxşı evlər almışam və əşyalarımı da aparıb yığmışam ora. Mənə əlavə xəbər verdi ki, Bakıda qarışıqlıq yaradır Moskva. Mən də sənə Bakıda 4 otaqlı mənzil verəcəm. Daş evlərdir, hündür tavanlıdır. Sən də gəl kənddəki evlərini mənə sat və qiymətli əşyalarınızı nə qədər gec deyil, gətir yığ ora. Həmin evlər vağzaldan yuxarı 22-ci Polis bölməsindən yuxarıdır”.
Fikrə getdim, ata-anamın vəziyyətləri yadıma düşdü: «Bizim yurdumuzu burdan dağıtma, ölsək də qəbrimiz burda qalmalıdır». Fikrə getdiyimi görən erməni dedi ki, əlavə üstə sənə pul da verərəm. Yoxsa sonra peşman olarsan deyib, qayıdıb öz yerində oturdu. İndiki yaşadığım ünvanda qapı qonşum erməni də mənə belə bir təklif etdi ki, “gəl bu 3 otağı sənə verək, sən də bizə pul ver, onsuz da biz Yerevana köçüb gedəcəyik”. Buna da razı olmadım.
1988-ci ildə Qarabağa yola düşdüm. Hansı ki, o illərdə Bakıda 3 yerdən əmək haqqı alardım. Həm dərs deyərdim, həm ictimai təşkilatlarda «beynəlxalq vəziyyət» barədə mühazirə oxuyardım. həm də qəzet və jurnallarda məqalələrim və oçerklərim dərc olunurdu. Yaxşı qonorarlar alırdım. Bunların hamısını bir yana atıb, Vətənimizin harayına - Qarabağa getdim. Qarabağda qohum-əqrəbam və əli silah tutanları Vətənimin müdafiəsinə cəlb etdim. Onlara dedim ki, neçə illərdir Bakıda yaşayıram, Qarabağın ab-havası yoxdur heç yerdə, torpağımızı düşmənə verməyək. Polkda komandirin köməkçisi kimi ciddi işə başladım. Qohumlarımla bərabər Qarabağın 30-dan çox yaşayış məntəqələrində, dağ və meşələrində ağır döyüşlərə girdim. Dəfələrlə döyüş vaxtı xəsarətlər alırdım. Amma döyüş meydanından çıxmırdım. Həkimlər də mənə təklif etdilər ki, girmə döyüşə, yazaq qayıt get Bakıya. Razı olmurdum. Ona görə razı olmurdum ki, dediyim kimi, ordumuza çoxlu döyüşçü cəlb etmişdim. Onları ağır vəziyyətdə qoyub çıxa bilmirdim. Sonra onların ata-anası məni tənbeh edərdilər ki, bizim uşaqları ölüm girdabına yığdı, özü isə qaçıb Bakıda oturdu. Ona görə bu tənbehə yol vermirdim. Ölsəm də onlarla bərabər döyüşdə olmalıyam. Döyüş vaxtı iki komandiri ölümün pəncəsindən xilas etmişəm. Yelmar olmasaydı, Ağdamın hal-hazırdakı əlimizdə olan kəndləri də əldən gedərdi. Nəinki Ağdamın kəndləri, hətta Ağcabədi, Bərdə, Tərtər də düşmənin işğalına məruz qalardı. Çox heyf ki, Yelmar 1994-cü il 11 aprel döyüşündə şəhid oldu. Elə həmin axşam o vaxtkı Prezident Heydər Əliyev ona Azərbaycanın Milli Qəhərmanı adı verdi. Amma ikinci komandir İmanov Nağı hal-hazırda sağdır və bu barədə onun məndə yazılı izahatı var. Erməni süngüsündən istifadə edib bir çoxları özlərini vətənpərvər kimi göstərərək ayağa qalxdılar. Döyüş vaxtı heç Biləcəridən də o yana keçmədilər. Məlum oldu ki, onlar xalqın bu ağır günündən istifadə edib öz şəxsi mənafelərini gürdürdülər. Vəzifə mal-dövlət, mənzil ələ keçirmək üçün canfəşanlıq edirdilər. Bu da faktdır.
2019-cu ilin dekabr yaının 27-də Mehriban xanıma mənzil barədə məktub yazmışdım və axırda xahiş etmişdim ki, bunu Nizami Rayon İcra Hakimiyyətinə göndərməyin. Çox əfsuslar olsun ki, mənim bu xahişimi nəzərə almayıb, yenə Nizami rayonuna göndəriblər. Nizami rayonu məni çağırıb dedi ki, xəttini oxuya bilmirik. Vətən qarşısındakı xidmətlərimi bir çox qəzetlər yazmışdı, axırı o qəzetin birini Nizami rayonuna verdim ki, oxuyun. Sonra onlar mənə dedilər ki, qəzeti istədik oxuyaq, Masallı rayonundan bir nəfər yanımızda idi, dedi ki, o nə qəzetdir, ona verdik, o da götürüb gedib Masallıya, oxuya bilmədik.
Müharibədən qayıdandan sonra cəbhədə aldığım xəsarətlərə görə 40 dəfə xəstəxanada yatmışam. Xarici həkimlərdə olmuşam. 850 dəfə də Koreya istehsalı «seragen» aparatını qəbul etsəm də heç bir əhəmiyyəti olmayıb.
Vətən qarşısında və düşmənə qarşı xidmətlərim barədə bir çox qəzetlər yazıb. Hətta 20-dən çox döyüşçü, komandir prezidentə dəfələrlə məktub da yazıblar: “Saleh Cəfərovun işinə-gücünə verilən xasiyyətnamələri oxusanız onun kim olduğu sizə məlum olar. Ona görə də onun haqqında bir daha yazmağımıza ehtiyac yoxdur. Prezidentimizin fərəmanından sonra ordudan tərxis olunub, Bakıya qayıdandan sonra yenə 15 kv. mt-lik bərbad mənzildə yaşayır. Günü həkimlərdə, xəstəxanalarda keçir. Üstəlik dörd nəfər qan qohumu onunla birgə yaşayırdı. O, darısqal mənzilə yerləşmədikləri üçün şəhərin ətrafında «gecəqondular» deyilən yerdə kirayə mənzil tutdular. Bir axşam ora qayıdanda baxıb gördülər ki, əşyalarını oğurlayıblar. Ona görə həmin dörd nəfər qan qohumu qalan əşyalarını yenidən onun darısqal «mənzil»inə yığıb, özləri isə caley-vətən olub harasa getdilər.
Vitse-prezidentin Nizami Rayon İcra Hakimiyyətinə göndərdiyi ərizəsinə Salehə kömək etməkdənsə, qaynaqçını göndəriblər. Axı, mənim əlimdən nə gəlir ki, sənə kömək edim? Mən prezidentə yazmışdım ki, mənim ərizəmi imkanlı təkşkilatlara və xeyirxah insanlara göndərin. Vətən müdafiəsindən kənarda qalanlar və başqaları, şəxsi mənafelərini güdənlər arxada torpaq götürür, mənzil tikib satırlar. Bəs Saleh nə etsin? Digər tərəfdən də ona hal-hazırda yaşadığı mənzildə rahat yaşamağa imkan vermirlər, yad adamlar qapıya dəfələrlə açar salıblar”.
Mehriban xanım!
Sonda Sizdən xahiş edirəm ki, müraciətimi şəxsi nəzarətinizə alıb, mənə qarşı olan haqsızlıqların aradan qaldırılması ilə bağlı göstəriş verəsiniz.
Saleh CƏFƏROV,
Qarabağ Müharibəsinin 82 yaşlı veteran, II qrup əlili