Abe və Conson-iki lider, iki təxirəsalınma...
Hazırda dünya çoxsaylı qlobal böhranlar dövrünü yaşayır və tarixində nadir hallarda rast gəlinən müxtəlif problemlərlə eyni vaxtda qarşılaşır. Böhranlar bütün dünyada bir çox istiqamətdə-yaşayış qiymətindən səhiyyəyə, enerjidən qidaya, iqlimdən nüvə enerjisinə, aclıq və yoxsulluqdan quraqlığa, irqçilikdən və miqrantlardan işğallara, terrorizmdən narkotikaya, tibbi məhdudiyyətlərdən tutmuş insan alverilə məşğul olan mütəşəkkil dəstələrə qədər genişlənir və vüsət alır.
Ümumilikdə bu vəziyyəti qlobal idarəetmə xaosu kimi xarakterizə etmək olar. Böyük güclər artan geosiyasi qapışma fonunda hər böhrandan bir-birinə qarşı amansız silah kimi istifadə edir və bu səbəbdən dünya hibrid müharibə prosesini yaşayır. Bu baxımdan Böyük Britaniya və Yaponiyada iki siyasi liderin aradan qaldırılmasının mahiyyəti bir qədər aydınlaşır.
İki dünya arasındakı amansız müharibə hər cür böhrana səbəb olur. Məqsədə çatmaq üçün bütün vasitələr yaxşıdır. Bu səbəbdən dəyərlər asanlıqla tapdanır, qırmızı xətlərin üstündən sakitcə keçilir. Bir tərəfdən Atlantik okeanı ilə Avrasiya və Asiya-Sakit okean regionu arasında həyat yox, ölüm-dirim uğrunda müharibə gedir. Kim qalib gəlsə, digərini səhnədən atacaq. Hazırda mübarizədə Avrasiya və Asiya-Sakit okean regionu üstün vəziyyətdədir.
Rusiya Ukraynada istədiyini almağa başladı. İqtisadi müharibə bumeranq kimi ABŞ və Qərbə geri qayıdır.
Ukraynadakı dəyişən mənzərə anqlo-sakson qanadını Avrasiya və Asiya-Sakit okean regionu ilə bağlı siyasətinə yenidən baxmağa vadar edir. Buna görə Böyük Britaniyanın baş naziri Boris Consonun aradan götürülməsi əslində Avrasiyaya qarşı start verilən “qlobal Böyük Britaniya” layihəsinə pəl vurmaq deməkdir.
İmperiya strategiyası dalana dirənmiş ABŞ 2008-ci ildə Barak Obamanın qaradərili “müsəlman” layihəsini işə saldığı kimi, dünya səhnəsinə qayıtmaq həvəsində olan İngiltərə türk kökləri olan Consonu, hinduları və asiyalıları səhnəyə gətirdi. Lakin Conson Breksitin ölkəni saldığı Avropa yükündən xilas etsə də, ilk növbədə Ukrayna böhranında, eləcə də Yaxın Şərq, Avrasiya və Hind-Sakit Okean regionu ilə bağlı siyasətində kifayət qədər effektli olmadı. Consona son zərbə isə Hindistan əsilli maliyyə naziri Rişi Sunak, Pakistan əsilli səhiyyə naziri Sajid Cavid və Sunakın yerinə maliyyə naziri təyin edilmiş İraq kürdlərindən Nadim Zahavidən gəldi. Deyilənə görə, Avrasiya projesinə uyğun olaraq Rişi Sunak Consondan sonra Böyük Britaniyanın növbəti baş naziri olacaq.
ABŞ-ın qlobal hegemonluq yarışında uğuru isə Böyük Avrasiyanın ən qərb hissəsində yerləşən Böyük Britaniya ilə qitənin ən şərq hissəsində yerləşən Yaponiyanın funksional istifadəsindən asılıdır. Böyük Britaniya Rusiyanı cilovlamaqda, Yaponiya isə Hind-Sakit Okean hövzəsində Çinin mühasirəyə alınmasında əsas oyunçudur. Bununla belə, Şinzo Abenin Yaponiyası ABŞ üçün Soyuq Müharibə dövründə Almaniyayanın rolunu oynayan Rusiya və Çinə qarşı başlatdığı yeni mübarizədə əsas cəbhə olmaqdan imtina etdi.
Daha müstəqil və millətçi xəttə söykənən Abenin məqsədi Rusiya ilə strateji yaxınlaşma qurmaq, Çinlə iqtisadi əlaqələri inkişaf etdirmək, Hindistanla təhlükəsizlik paktı imzalamaq, İranla enerji əlaqələrini dərinləşdirmək idi. Abenin artıq hakimiyyətdə olmamasına baxmayaraq, onun düşüncələri yaşamağa davam edirdi. Lakin ABŞ-ın 1948-ci ildə konstitusiya yazdığı və yarı suveren bir dövlət olaraq hərbi və siyasi cəhətdən nəzarətdə saxlamaq istədiyi Yaponiyanın bu cür hərəkətlərinə dözmək olmazdı. Hətta bunu düşünmək də bağışlanmaz idi.
İndi, Abenin öldürülməsi ilə müstəqil, yeni, böyük Yaponiya ideyası həyata keçirilməyə başlamazdan əvvəl "vuruldu". Bir sözlə, keçmiş baş nazir Yaponiya imperiyasına, Conson isə Britaniya imperiyasına qayıdış həyata keçirə bilmədiyi üçün aradan götürüldü.
Ülviyyə, Hurriyyet.az