📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışır" - ELXAN ŞAHİNOĞLU

2022-10-11 12:34:00

"Entoni Blinken İlham Əliyev və Nikol Paşinyanla fikir mübadiləsini davam etdirməklə Kremlə mesaj göndərir ki, bölgədə ABŞ da var"

"ABŞ dövlət katibi Entoni Blinken yenə Bakıya və İrəvana zəng edib, bu dəfə Avropa İttifaqının vasitəçiliyi ilə Praqadakı razılaşmaların detalları ilə maraqlanıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, aydındır ki, Blinken Bakıya və İrəvana zəng etmədən də Praqa danışıqlarının təfərrüatları barədə kifayət qədər məlumatlıdır: "Sadəcə prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla fikir mübadiləsini davam etdirməklə Kremlə mesaj göndərir ki, bölgədə ABŞ da var. Son 30 ildə bir başqa ABŞ dövlət katibinin Blinken qədər Cənubi Qafqazla maraqlandığını xatırlamıram".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, Kreml Ukraynada işğalçı müharibəni davam etdirdiyi və bataqlıqdan necə çıxacağı bəlli olmadığı dövrdə ABŞ Avropa İttifaqı ilə birgə Rusiyanı Cənubi Qafqazda sıxışdırmağa çalışır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az