📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ-Azərbaycan münasibətlərində hazırkı "qara buludlar" birazdan dağılacaq" - ZAUR MƏMMƏDOV

2023-11-17 11:19:04

"1 milyonluq erməniyə görə heç kim Azərbaycan və Türkiyə ilə küləyi uzunmuddət əsdirməyəcək"

"Senat Azərbaycana hərbi yardımın dayandırılması ilə bağlı qərar qəbul edib. Son 20 ildə Vaşinqtonun ölkəmizə hərbi məqsədlər üçün köçürdüyü maliyənin statistikası göstərir ki, bu yardım onsuz da cüzi idi. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, ABŞ bu illər ərzində İranla sərhəddə və Xəzər dənizində Azərbaycanın sərhədlərinin təhlükəsizliyini nəzərdə tutan yardımlar edirdi". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, Vaşinqtonun bu qərarı Azərbaycanı regional dövlətlərdən uzaqlaşdırmır, əksinə, yaxınlaşdırır: "Eyni zamanda, Ermənistanın təhlükəsizliyini sığortalamır. Bu arada, məlum olduğu kimi, ABŞ parlamentində anti-Azərbaycan bəyanatlarının və qərarlarının verilməsindən dərhal sonra XİN 20 noyabr okeanın o tayında birtərəfli qaydada razılaşdırılmış ABŞ - Ermənistan - Azərbaycan görüşündən imtina edildiyini bəyan etdi. Əsl səbəbi deyim? ABŞ və Fransa Azərbaycan və Ermənistan arasında imzalanması üçün hazırladıqları sülh müqaviləsinin mətnində Qarabağ ermənilərinin qayıdışı, onların hüquq və təhlükəsizliklərinin təmin edilməsi öhdəliyini rəsmi Bakının üzərinə qoymaq istəyirlər. Azərbaycan bu cür mətnə imza atmayacaq və ona görə də Qərbdə təklif edilən görüşlərdən bu vəziyyətdə imtina ediləcək".

Zaur Məmmədov bildirib ki, 2024-cü ilin ilk 6 ayı ərzində Avropa İttifaqı strukturlarındakı seçkiləri, payızında ABŞ-da keçiriləcək seçkiləri nəzərə alsaq, Azərbaycan-Ermənistan arasında danışıqlarının birmüddətlik dondurulması istisna deyil: "Yeri gəlmişkən, Azərbaycanın milli maraqlarına zidd aşağıdakı çağırışların tətbiqi Qərbdə arzu olunandır: 1. 2025-ci ildə rus sülhməramlılarının beynəlxalq missiya ilə əvəzlənməsi və onlara hüquqi statusun verilməsi. 2. Zəngəzurda Azərbaycan ilə sərhədboyu Türkiyəni çıxmaq şərtilə faktiki olaraq bütün NATO dövlətlərinin mülki missiyasının sayının artırılması. 3. Fransa silahlarının Zəngəzura yerləşdirilməsi. 4. Zəngəzur nəqliyyat qovşağının Qərbin başçılığı altında Ermənistan vasitəsilə işə salınması. Yuxarıda sadalananlardan bir daha anlaşılır ki, ABŞ Qafqazdakı hadisələrə həm də, İran və Rusiya baxış bucağı çərçivəsində yanaşır. Lakin okeanın o tayındakı strateqlər bilməlidirlər ki, bu və digər məsələlərdə onların Ermənistana vurğu etmələrinin perspektivi yoxdur. Ermənilər isə boşuna həvəslənməsinlər. Rusiyaya arxa çevirmək onlara baha başa gələcək. Öz növbəsində, Uzaq Qərbdəki seçkilərdən sonra Qafqaza baxış bucağı da dəyişəcək. 1 milyonluq erməniyə görə heç kim Azərbaycan və Türkiyə ilə küləyi uzunmuddət əsdirməyəcək. ABŞ-Azərbaycan münasibətlərində hazırkı "qara buludlar" birazdan dağılacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az