"ABŞ Azərbaycana qarşı qadağa siyasətində geri addım atdı" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Görünür, Vaşinqtonda başa düşdülər ki, Azərbaycanla əlaqələri kəsmək ABŞ-ın Cənubi Qafqaz siyasətinə mənfi təsir edəcək, regionda Rusiyanın sıxışdırılması siyasəti baş tutmayacaq"
"ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderlərinə zəngi ABŞ-ın yenidən iki ölkə arasında vasitəçilik missiyasına hesablanıb. Azərbaycan Vaşinqtonun vasitəçiliyindən imtina edib. Çünki ABŞ Konqrensində dinləmələrdə anti-Azərbaycan kampaniyasına start verilib. Həmçinin, bununla da Azərbaycana qarşı siyasi qadağalar tətbiq edilib". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Politoloqun fikrincə, rəsmi Vaşinqton hesab edir ki, bu təzyiqlər fonunda Azərbaycan geri addım atacaq və Ermənistanla istədikləri şərtlərlə sülh müqaviləsinin imzalanmasına gedəcək: "Amma prezident İlham Əliyevin prinsipial və milli maraqlara söykənən siyasəti bu təzyiqlərə baxmayaraq, dövlətin maraqlarını yüksək səviyyədə qorudu. Bilinkenin zəngi ilə ABŞ özü Azərbaycana yüksək səviyyədə səfərləri və dialoqu qadağan edən qadağanı pozmuş oldu. Görünür, Vaşinqtonda başa düşdülər ki, Azərbaycanla əlaqələri kəsmək ABŞ-ın Cənubi Qafqaz siyasətinə mənfi təsir edəcək, regionda Rusiyanın sıxışdırılması siyasəti baş tutmayacaq".
Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, dövlət katibinin zəngi ilə ABŞ və Azərbaycan arasında münasibətlərdə diplomatik təmasların və ikitərəfli səfərlərin davam etdirilməsi razılaşdırıldı: "Bununla da Vaşinqton-Bakı arasında son günlər əsən soyuq küləklər isinməyə başladı. Blinkenin Ermənistan və Azərbaycan liderlərini Vaşinqtona dəvət edərək, üçtərəfli danışıqlar prosesini başlatmaq təklifi verməsi istisna deyil. Rəsmi Bakının bu təklifi qəbul etməsi mümkündür. O halda ki, ABŞ əvvəlki mövqeyinə - Azərbaycanın beş təməl prinsipləri əsasında danışıqlara qayıtmalıdır. Azərbaycanın regionda uğurlu siyasət aparması, Mərkəzi Asiya ölkələri və Türkiyə ilə sıx siyasi-iqtisadi əməkdaşlığı Vaşinqtonun regional siyasətində korrektələr etməyə gətirib çıxarır. ABŞ-ın Ermənistanla Azərbaycanı bir arya gətirib, sonda ikitərfli danışıqlar aparmaq üçün Nikol Paşinyana təlimatlar verməsi mümkündür. Çünki Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan Rusiyanın təsirindən çıxa bilməyəcək. Ona görə də Azərbaycanla münasibətləri normallaşdırmaq üçün addımlar atılacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az