📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ Baydenin prezidentliyi dövründə qlobal miqyasda iqtisadi liberalizmi məhv edir" - FUAD ÇIRAQOV

2023-04-06 11:18:00

"O, Trampın başladığı fundamental siyasətlərin heç birindən geri çəkilmədi, əksinə miqrantların hüquqları, Çinlə iqtisadi müharibə, tariflər, proteksionist iqtisadi siyasət məsələlərində ondan daha da irəli getdi"

"Donald Tramp 2016-cı il prezident seçkisi kampaniyasında ciddi fiqura çevrilən ilk gündən bütün liberal sistem və bütün qlobal qeyri-rəsmi liberal-sol internasional ona qarşı çevrildi, mətbuatı və təbliğat maşını ilə onun əqli qabiliyyətini aşağılamağa, onun şeytani obrazını yaratmağa çalışdılar və hələ də çalışmaqdadırlar. Bin Ladendən daha çox onu demonizasiya etməyə çalışdılar. Çox narahatdılar, indi də narahatdılar, onun prezident olmasını qəbul etmirlər və hələ də ona bağışlamırlar. Sözün açığı, ona qədər bu şərti internasionalın bu qədər mütəşəkkil gücünü, həmrəyliyini və kütlələrə bu qədər təsir etmə imkanlarının olduğunu, insanları zombiləşdirməyə çalışdıqlarını təsəvvür etmirdim". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov qeyd edib.

Politoloq bildirib ki, Tramp prezident seçilən kimi xüsusi prokuror Müller başçılığı ilə 2017-ci ildən 2019-cu ilə qədər davam edən Trampın və yaxınlarının Rusiyaya bağlılığı və seçkilərin nəticələrinə təsirini araşdıran xüsusi istintaq qrupu yaradıldı: "İstintaq qrupu konkret hansısa faktı tapmasa da Trampın prezidentliyinin 2 ili üzərində bir domokl qılıncı kimi durdu və fəaliyyətini məhdudlaşdırmağa çalışdı. Tramp prezidentliyini başa vurandan sonra ona qarşı sistemin hücumlarının ikinci dalğası başlandı. Təkcə ona qarşı deyil, az qala bütün salam verdiklərinə və pişiyinə qarşı məhkəmə və cinayət işləri qaldırıldı. Xüsusilə Tramp ikinci dəfə seçkilərdə iştirakı iddiasını ortaya qoyandan sonra bütün inzibati resursları ona qarşı çevirdilər. Artıq iki ildir ki, məhkəmə hüquq sistemi dəridən qabıqdan çıxır ki, 2021-ci ilin yanvarında ABŞ-da prezident seçkilərinin nəticələrinə etiraz edərək Konqres binasına hücum çəkən qrup üzvlərinin birbaşa Trampdan göstəriş aldığını sübut etməyə çalışır. Hələlik, sübut edib alındıra bilmirlər. Ona görə də paralel bir neçə məsələlərlə bağlı üstünə gedirlər. İndi isə görürük ki, nəhayət bir pornoulduza pul verməsi ilə bağlı mövzuda müəyyən nöqtəyə gəliblər. Təsəvvür edin, Federal Arxiv İdarəsi də Trampa qarşı fəaliyyəti ilə əlaqədar dövlət sənədlərinin vaxtında və prosedura uyğun təqdim etmədiyi ilə bağlı iddia qaldırdı. Ancaq sonradan məlum oldu ki, Bayden də vitse-prezident olanda və sonra da məxfi qrifli sənədləri prosedurun əleyhinə olaraq öz şəxsi evinə aparması faktı ortaya çıxanda Trampla bağlı iddianı örtbasdır eləməyə çalışdılar. Bayden isə prezident seçiləndən sonra Trampın başladığı fundamental siyasətlərin heç birindən geri çəkilmədi. Əksinə - miqrantların hüquqları, Çinlə iqtisadi müharibə, tariflər, proteksionist iqtisadi siyasət məsələlərində ondan daha da irəli getdi".

Fuad Çıraqovun sözlərinə görə, faktiki olaraq görürük ki, bir zamanlar qlobal miqyasda iqtisadi liberalizmi dünyaya zorla yeridən ABŞ Baydenin prezidentliyi dövründə qlobal miqyasda iqtisadi liberalizmi məhv edir və klassik merkantilist dövlətə çevirilir: "İqtisadi liberalizmi bitirir, siyasi-ideoloji liberalizmi isə bir alət kimi əlində saxlamağa çalışır. Bu il Bayden Konqres qarşısında illik ənənəvi hesabat çıxışında "artıq ABŞ-da tikiləcək binaların kiçik hissələrindən, şüşəsinə və sementinə qədər ABŞ-da istehsal edilməlidir" deyəndə çaşdım, elə bildim Trampa qulaq asıram. Ümumiyyətlə, bütün çıxışı dinləyəndə elə bildim bir iki istisnalar olmaqla Tramp-2-yə qulaq asıram. Çox maraqlı və keyfiyyət dəyişikliklərinin baş verdiyi zamanda yaşayırıq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az