📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ bir milyondan çox İran sursatını Ukraynaya TƏHVİL VERDİ

2023-10-05 14:01:08

ABŞ bir milyondan çox İran sursatını Ukraynaya TƏHVİL VERDİ

2 oktyabr 2023-cü ildə ABŞ İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 1,1 milyon 7,62 mm-lik patronu Ukrayna Silahlı Qüvvələrinə təhvil verib.

Hurriyyet.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, patronlar 2022-ci il dekabrın 19-da ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən bayraqsız üzən "MARWAN" gəmisindən müsadirə edilib.

Mərkəzi Komandanlıq bildirib ki, SEPAH yerli hökuməti devirən Husi üsyançı qruplaşması üçün tranzit gəmi ilə Yəmənə döyüş sursatı göndərib.

Məlumatda deyilir ki, ABŞ bütün qanuni vasitələrlə İranın Yəməndəki silahlı qruplaşmalara hərbi yardım axınına qarşı çıxmaq niyyətindədir.

Oktyabrın 4-də CNN telekanalı bildirib ki, ABŞ müsadirə olunmuş İran silahlarının Ukraynaya təhvil verilməsini elan edəcək.

Məlumata görə, BMT bu silahların məhv edilməsini və ya anbarlara göndərilməsini tələb edir. ABŞ prezidenti Co Baydenin administrasiyası isə bir neçə aydır ki, sursatları Ukrayna hərbçilərinə göndərməyə çalışır.

Xatırladaq ki, 2023-cü ilin yanvarında ABŞ ordusu İrandan Yəmənə göndərilən silahları müsadirə edib. Söhbət 3 min avtomat, 578 min patron və 23 tank əleyhinə idarə olunan raketin ələ keçirilməsindən gedir.

Musavat.com