📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-dan Laçın yolundakı aksiya ilə bağlı açıqlama – Azərbaycanın haqlı tələbləri gözardı edilir

2022-12-17 14:28:00

ABŞ-dan Laçın yolundakı aksiya ilə bağlı açıqlama – Azərbaycanın haqlı tələbləri gözardı edilir

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Laçın yolundakı aksiya ilə bağlı açıqlama verib. O, həmişə olduğu kimi yenə ermənilərin maraqlarından çıxış edib.

Patel Laçın yolundakı aksiyanın başa çatmasını arzuladıqlarını, yolda sərbəst hərəkəti mümkün qədər tez bərpa etməyə çağırdıqlarını bildirib.

Dövlət Departamentinin nümayəndəsi Ermənistan və Azərbaycan arasında sülh sazişinin nə zaman imzalanacağı barədə fikir bildirmək istəməyib.

“Bilirsiniz ki, dövlət katibi bu məsələ ilə çox maraqlanır və yüksək diqqət yetirir.Departamentin digər yüksək vəzifəli şəxsləri də bu prosesi diqqət mərkəzində saxlayırlar və biz bundan sonra da fəal olmağa davam edəcəyik”,- ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib.

Xatırladaq ki, bu, ABŞ hökumətindən Laçın yolunda baş verən proseslərlə bağlı ikinci bəyanatdır. Hər iki çağırışda yolda sərbəst hərəkətin təmin olunmasına çağırış edilir. Amma təəssüf ki, rəsmi Bakının Laçın yolundan erməni silahlı birləşmələrinin silah-sürsat, hərbi texnika daşınması, habelə İrandan gətirilən terrorçuların Xankəndninə sərbəst keçidinə şərait yaradılması barədə tutarlı faktları gözardı edilir.

Habelə Qarabağda Azərbaycan Respublikasına məxsus təbii sərvətlərin talan edilməsi, bölgənin ekologiyasına ağır zərbələr vurulması da ABŞ administrasiyasını narahat etmir. Bu da Qərbdən hadisələrə ikili standarlardan yanaşmasının növbəti təsdiqi kimi qəbul oluna bilər.

azpolitika.info