ABŞ dövlət katibinin Azərbaycanla bağlı İDDİASI NƏ DƏRƏCƏDƏ DOĞRUDUR?
Fuad Qəhrəmanlı: "Əgər məsələ ABŞ dövlət katibi səviyyəsində, özü də daxili müzakirələr zamanı dilə gətrilirsə, demək ki, bu məsələnim baş tutma ehtimalı kifayət qədər ciddi qəbul edilməlidir"
Ələsgər Əhmədoğlu: ""Politico" nəşrinin isnad etdiyi mənbə əslində bu xəbərin saxta və qara təbliğata xidmət etdiyini açıq şəkildə ortaya qoyur"
Elxan Şahinoğlu: "Ermənilərin və onların dəstəkçilərinin Qərbi Zəngəzurla bağlı qorxuları varsa, bundan qurtulmağın yolu Nikol Paşinyanı Azərbaycanla sülh sazişini imzalamağa məcbur etməkdir"
Məhəmməd Əsədullazadə: "Azərbaycan və Rusiya prezidentlərinin Bişkekdə görüşü, iki ölkə arasında münasibətlərin normal olması Vaşinqtonda belə qənaət formalaşdırıb ki, Bakı Moskvanın təhriki ilə Nikol Paşinyanı cəzalandıracaq"
ABŞ-ın "Politico" nəşri "anonim mənbələri istinadla" "sensasion", daha doğrusu erməni lobbisinin maraqlarına uyğun iddia ilə çıxış edib. Belə ki, bu barədə axar.az-da yer alan məlumata görə, ABŞ dövlət katibi Entoni Blinken amerikalı konqresmenləri "yaxın gələcəkdə Azərbaycanın Ermənistana təcavüzü təhlükəsi" ilə bağlı xəbərdar edib.
"Dövlət katibi Entoni Blinken keçən həftə kiçik bir qrup deputata xəbərdarlıq edib ki, onun ofisi Azərbaycanın Ermənistana qaçılmaz müdaxiləsi ehtimalını izləyir", - deyə qeyd olunan məqalədə bildirilib ki, Demokratlar Partiyasından olan bir qrup amerikalı konqresmen oktyabrın 3-də Blinkenə Qarabağda vəziyyətin son gərginləşməsi ilə əlaqədar administrasiyanın Azərbaycana qarşı hansı tədbirləri görə biləcəyi ilə bağlı sual verib. Blinken cavabında qeyd edib ki, ABŞ hakimiyyəti "Azərbaycanı məsuliyyətə cəlb etmək üçün imkanlar axtarır" və həmçinin, Bakıya hərbi yardımın göstərilməsi məsələsinə yenidən baxmağı planlaşdırır. "Blinken əlavə edib ki, Dövlət Departamenti Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu işğal edə biləcəyini mümkün hesab edir", - nəşr yazıb.
"Rusiya Azərbaycanı qurban verərək yeni bir müharibəyə sürükləyir, öz işğal siyasətini həyata keçirir və sonda özünü sülh qoruyucusu kimi də təqdim edir ki, mən olmasaydım Azərbaycan Zəngəzurdan çıxmayacaqdı"
Mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən siyasi şərhçi Fuad Qəhrəmanlı hesab edir ki, Blinken bu məlumatı ekspertlər kimi yalnız təhlilə əsaslanıb demir. Siyasi şərhçinin fikrincə, onun əlində istinad edəcəyi dəqiq kəşfiyyat məlumatları olmasa belə qəti fikir bildirməzdi: "Əgər məsələ ABŞ dövlət katibi səviyyəsində, özü də daxili müzakirələr zamanı dilə gətrilirsə, demək ki, bu məsələnim baş tutma ehtimalı kifayət qədər ciddi qəbul edilməlidir. Belə görünür ki, Azərbaycanın Qarabağda birgünlük antiterror əməliyyatına razılıq verilməsinin şərtlərindən bir də məhz Blinkenin dediyi məsələ imiş. Rusiya Azərbaycanın əli ilə Zəngəzura daxil olur, buna görə ordumuz çoxsaylı itkilər verir, bütün dünya buna görə Azərbaycana qarşı birləşir, ölkəmiz işğalçı kimi ağır sanksiyalara məruz qalır və sonda da Azərbaycan ordusu Zəngəzurdan çıxıb yerini rus ordusuna verir".
Fuad Qəhrəmanlı iddia edir ki, Rusiya Azərbaycanı qurban verərək yeni bir müharibəyə sürükləyir, öz işğal siyasətini həyata keçirir: "Və sonda özünü sülh qoruyucusu kimi də təqdim edir ki, mən olmasaydım Azərbaycan Zəngəzurdan çıxmayacaqdı. Rusiyanın maraqlarına görə böyük qurbanlara səbəb olacaq bu avantüra baş tutarsa, o zaman bütün dünyanı qarşımıza almış olacağıq və ölkəmiz də içindən çıxa bilməyəcəyi fəlakətlə üzləşəcək. Əgər doğrudan da Azərbaycan hakimiyyəti Rusiyanın qarşısında belə bir öhdəlik götürübsə, o zaman çalışıb bundan imtina etməlidir".
"Görüşdə iştirak edənlər ermənipərəst baxışları və lobbiçiliyi ilə tanınan Konqres üzvləri Nensi Pelosi, Anna Eş, Frenk Pallone və Konqresin daha iki üzvü olduğundan bəllidir ki, bu şəxslər "Azərbaycanın aqresiv imicinin" formalaşması üçün belə qara təbliğata əl atıblar"
Tanınmış media eksperti, hüquqşünas Ələsgər Əhmədoğlu isə bu qənaətdədir ki, "Politico" nəşrinin isnad etdiyi mənbə əslində bu xəbərin saxta və qara təbliğata xidmət etdiyini açıq şəkildə ortaya qoyur: "Guya bu məlumatı nəşrə adı çəkilməyən iki konqres üzvü verib. Xoruzun quyruğu isə bu görüşdə iştirak edənlərin kimliyində və niyyətində görünür. Görüşdə iştirak edənlər ermənipərəst baxışları və lobbiçiliyi ilə tanınan Konqres üzvləri Nensi Pelosi, Anna Eş, Frenk Pallone və Konqresin daha iki üzvü olduğundan bəllidir ki, bu şəxslər "Azərbaycanın aqresiv imicinin" formalaşması üçün belə qara təbliğata əl atıblar".
Hüquqşünas əlavə edib ki, Azərbaycanın Vaşinqtonda akreditasiya olunmuş media nümayəndələri bu xəbərin əslini məhz Blinkenin ofisindən sorğulamalıdır: "Xəbərin əsassız olması halında cəmiyyəti dərhal bilgiləndirməlidir. Xəbərin doğru olması halında Azərbaycanın Xarici İşlər Nazirliyi əsassız ictimai imic formalaşdıran tərəfdaşlarından izahat tələb etməlidir. 30 il Azərbaycanda işğalçı durumunda olub, ölkənin altıda birini xarabalığa çevirən Ermənistanı bir dəfə olsun işğalçılıqda qınamayan ABŞ, heç bir əsas olmadan Azərbaycanın niyə işğala cəhd edəcəyi qənaəti formalaşdırıb?"
""Azərbaycan Qarabağdan sonra Qərbi Zəngəzuru ələ keçirəcək" açıqlaması ermənilərin və onları dəstəkləyən mərkəzlərin canına qorxu saldığı üçün İran, Rusiya və Fransa ard-arda Qərbi Zəngəzurda konsulluq xidmətləri açmağa qərar veriblər"
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, "Azərbaycan Qarabağdan sonra Qərbi Zəngəzuru ələ keçirəcək" açıqlaması ermənilərin və onları dəstəkləyən mərkəzlərin canına qorxu salıb. Politoloqun sözlərinə görə, məhz bu səbəbdən də İran, Rusiya və Fransa ard-arda Qərbi Zəngəzurda konsulluq xidmətləri açmağa qərar veriblər: "Qərbi Zəngəzur tarixi torpaqlarımızdır və soydaşlarımızın həmin ərazilərə qayıtmaq hüququ var. Bundan başqa, Zəngəzur dəhlizi mövzusu gündəmdə ağırlığını qoruyur. Qərbdə bundan çıxış edərək Qərbi Zəngəzurun Azərbaycanın hədəfində olduğunu yazırlar. Halbuki, başda prezidenti İlham Əliyev olmaqla, Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanıyacaq. Yəni, ermənilərin və onların dəstəkçilərinin Qərbi Zəngəzurla bağlı qorxuları varsa, bundan qurtulmağın yolu baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh sazişini imzalamağa məcbur etməkdir".
"Azərbaycan Rusiyaya görə özünü sanksiya və təzyiq altında qoymaz, ABŞ isə Azərbaycanın İran və Rusiya ilə normal siyasət aparmasını Ermənistana təhlükə kimi görür"
Məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə deyib ki, Vaşinqtonu Azərbaycanın İranla bu istiqamətdə saziş bağlaması narahat etdiyi üçün ABŞ dövlət katibi belə bir fikir səsləndirib: "Entoni Blinkenin dedikləri çox ciddidir və bu xüsusda reallıqlara söykənməlidir. Hazırda Azərbaycan Qarabağa tam nəzarət edir, suverenliyini bərpa edib. Qarabağdan ermənilər çıxıb gedib. Bundan başqa, Ermənistanla sərhəddə problem görünmür. Zəngəzur dəhlizi də artıq İran ərazisindən keçir. Görünür, Vaşinqtonu Azərbaycanın İranla bu istiqamətdə saziş bağlaması narahat edib. Azərbaycanın Zəngəzura hücum edəcəyi gündəlikdə deyil və buna əsas da qalmayıb. Düşünürəm ki, Azərbaycan və Rusiya prezidentlərinin Bişkekdə görüşü, iki ölkə arasında münasibətlərin normal olması Vaşinqtonda belə qənaət formalaşdırıb ki, Bakı Moskvanın təhriki ilə Nikol Paşinyanı cəzalandıracaq. Amma prezidentlərin görüşünə diqqət etsək, Vladimir Putinin Qarabağ məsələsini gündəmə gətirməsi və prezident İlham Əliyevin isə bunun üstündən keçməsi aydın şəkildə görünürdü".
Milli Cəbhə Partiyasının sədr müavini onu da qeyd edib ki, Azərbaycan Rusiyaya görə özünü sanksiya və təzyiq altında qoymaz: "ABŞ isə Azərbaycanın İran və Rusiya ilə normal siyasət aparmasını Ermənistana təhlükə kimi görür. Halbuki, Ermənistan daim İran və Rusiya ilə müttəfiq olub. Odur ki, burdada təhlükədən söhbət gedə bilməz".
Vazeh BƏHRAMOĞLU