ABŞ Əfqanıstanı tərk elədi, Çin ilə Rusiya bölgədə qalır
Hurriyyet.org “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, ABŞ və onun müttəfiqləri öz diplomatik heyətini Əfqanıstanın paytaxtı Kabuldan çıxarmağa çalışdığı bir zamanda Çin ilə Rusiya buradakı səfirliklərini saxlamaq qərarına gəliblər.
Çinin Kabuldakı səfirliyi öz açıqlamasında bildirib: “Əfqanıstandakı tərəflərə Çin vətəndaşlarının, təşkilatlarının və mənafelərinin təhlükəsizliyinin təmin edilməsi tələbimizi çatdırmışıq”. Bəyanatda deyilir: “Səfirlik Çin vərəndaşlarına asayiş vəziyyətinə diqqət yetirmək, təhlükəsizlik tədbirlərini gücləndirmək və səfirlikdən kənara çıxmamağı xatırlatmaq istiqamətində addımlar atacaqdır”.
Rusiya səfirliyi də köçürülmə planının olmadığını bildirib.
Bəlli olduğu kimi, hökumət qüvvələrinin paytaxt Kabul şəhərini tərk eləməsindən sonra bütün mərkəzi idarəçilik və dövlət idarələrinə nəzarət “Taliban”ın əlinə keçib. Əfqanıstanın Prezidenti Əşrəf Qəni isə dünən axşam saatlarına ölkəni tərk edib.
“Taliban”ın mətbuat nümayəndəsi Kabuldakı bütün səfirlik, diplomatik mərkəz, idarə və digər yerlərdəki xarici vətəndaşların təhlükəsizliyinin təmin olacaqları müsajını verib.
ABŞ rəsmiləri Kabuldakı səfirliyinin bütün əməkdaşları Həmid Karzai aeroportuna çatdırıldığını bildiriblər. Vaşinqton Kabuldakı amerikalıların təhlükəsiz şəkildə evakuasiya edilməsi üçün Həmid Kərzai hava limanına nəzarəti ələ keçirib.