ABŞ ilə Britaniya Yəməni bombaladılar
Koalisiya husilərə qarşı
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Böyük Britaniya ilə ABŞ-ın Birləşmiş Silahlı Qüvvələri Avstraliya, Bəhreyn, Kanada və Niderlandın dəstəyi ilə cümə gününə - yanvarın 12-nə keçən gecə Yəməndə husilərin mövqelərinə hücumlar ediblər. Zərbələr İsraili dəstəkləyən ölkələrin Qırmızı dənizdən keçən gəmilərinə çoxsaylı hücumlardan sonra endirilib.
Qəzzadakı münaqişənin 7 oktyabr tarixində alovlanmasından sonra husilərin liderləri həm İsrail ərazilərinə, həm də İsraili dəstəkləyən dövlətlərin Qırmızı dənizdən və Babül-Məndəb boğazından keçən gəmilərinə hücumlar edəcəklərini bəyan ediblər.
ABŞ Prezidentinin sözlərinə görə, husilərin hücumları Qırmızı dənizdə gəmiçiliyi iflic vəziyyətinə salıb. Cozef Bayden deyib: "Yanvarın 9-da husilər ABŞ gəmilərinə qarşı indiyə qədərki ən böyük hücumu ediblər".
Bayden Yəmənə zərbələrin Avstraliya, Bəhreyn, Kanada və Niderland kimi dövlətlərin dəstəyi ilə həyata keçirildiyini qeyd edib.
Husilər: "London ilə Vaşinqton peşman olacaqlar"
Husilər də öz növbələrində cavab addımları atacaqlarını vəd ediblər. Yəmən husilərinin təmsilçisi Əli əl Kahhum deyib: "Savaş ABŞ ilə Britaniyanın təsəvvürlərini və gözləntilərini kölgədə qoyacaq. Müharibə başlanıb. Amerikalılarla britaniyalılar öz təcavüzkarlıqlarına görə peşman olacaqlar və bunun bahasını ödəyəcəklər".
Britaniya ilə ABŞ-ın husilərin mövqelərinə hücumları
Yanvarın 12-nə keçən gecə Böyük Britaniya ilə ABŞ-ın Silahlı Qüvvələri husilərin Yəməndəki mövqelərinə zərbələr endiriblər. Hudeyda, Sana, Saada, Taiz və Damar şəhərlərindəki hərbi infrastrukturların vurulduğu xəbər verilir. Zərbələr təyyarələrdən, gəmilərdən və sualtı qayıqlardan endirilib.
Hücumlardan sonra ABŞ ilə Britaniyanın rəhbərləri husilərin liderlərinə müraciət edərək Qırmızı dənizdə gəmilərin hücumlarını dayandırmalarını tələb ediblər. Əks halda təkrar zərbələr endirəcəkləri ilə təhdid ediblər.
Hürr Tərcüman