ABŞ-ın Cənubi Qafqazdan çıxması reallaşırmı...
Cənubi Qafqaz geosiyasi baxımdan keçid dövrünü yaşayır. Sovet İttifaqının ucqar nöqtələrindən biri olmaqdan çıxmış bu region bu gün dünyanın xeyli sayda regionu ilə bağlıdır, onların təsiri altındadır və onlarla qarşılıqlı əlaqədədir. Cənubi Qafqaz dövlətləri ilə onların Aralıq dənizi və Fars körfəzindəki qonşularının qarşılıqlı asılılığı artır.
Bu ölkələr öz tarixi coğrafiyalarını xarici aləmə açır, SSRİ-nin dağılması ilə yaranan boşluğu təkcə Rusiya ilə deyil, Yaxın Şərq, Aralıq dənizi və Asiya ölkələri ilə də doldururlar. Söhbət Rusiya-Türkiyə-İrandan gedir, hər üç ölkə digər ölkələrlə siyasi, strateji, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq edir.
Amma onların arasında mövqe fərqi var. Əgər Rusiya regionda öz təsirini saxlamağa çalışırsa, Türkiyə və İran Qafqaz “Böyük Oyununun” ən yaşlı iştirakçısı olsalar da, özləri üçün yeni məkanı mənimsəmiş olurlar, ciddi geosiyasi oyunlar oynamaq istəklərini nümayiş etdirirlər.
Bu mühüm şəraiti nəzərə alsaq, hazırda regionda cərəyan edən geosiyasi proseslər mürəkkəb və ziddiyyətli xarakter daşıyır və bu amillərin regionda gedən ictimai-siyasi proseslərə təsiri çoxdur. Nəhayət, onların təsiri altında burada ABŞ-ın nəzarətindən kənarda yeni geosiyasi konfiqurasiya formalaşır, baxmayaraq ki, NATO təsiri formal olaraq Türkiyə faktoru ilə qorunur. Amma bu da faktdır ki, Türkiyə və İranın Rusiya ilə yaxınlaşma istiqamətində siyasi strategiyasında dəyişikliklər ABŞ siyasətinin nəticəsidir.
Belə üçlü koalisiyanın yaradılması nəticəsində bütün regionun həndəsəsi dəyişə bilər. Bununla bağlı Fransanın “Atlantico” nəşri, “Avropadan uzaqlarda mühüm hadisələr cərəyan edir, bunun mənası odur ki, Rusiya, Türkiyə və İran Avrasiya məkanını Amerikanın nəzarətindən çıxarmaq üçün şahmat taxtasında fiqurlarla irəliləyirlər”, deyə şərh verir.
Atlantikonun fikrincə, “belə bir geosiyasi eksperiment uğurlu olarsa, qlobal strateji inqilabdan danışmaq mümkün olacaq”. Onun əsas məğzi budur ki, hər bir halda Rusiya-Türkiyə-İran üçbucağında məsuliyyət bölgüsündə və alyansın digər üzvlərinin çiynindəki yükün paylanmasında Rusiya aparıcı rola malikdir.
Strateji perspektivlərə gəlincə, məsələn, Yaxın Şərqdə Rusiya-Türkiyə müttəfiqliyinə gəldikdə, onlar Rusiya-İran münasibətlərindən fərqlidir. Türkiyə-İran ziddiyyətləri də məlumdur, onlar geosiyasi, iqtisadi, konfessiyalararası xarakter daşıyır.
Ankara Moskva-Ankara-Tehran oxunu yaratmağa ilk növbədə ona görə qərar verib ki, hər üç ölkə Suriyanın ərazi bütövlüyünə sadiqliyini dəfələrlə vurğulayıb. Buna hətta Rusiyanın kürd liderləri ilə müntəzəm əlaqə saxlaması, onları Suriyadaxili danışıqlarda iştiraka dəvət etməsi, hətta 2015-ci ilin aprelində Moskvada Suriya kürdlərinin nümayəndəliyini açması mane olmayıb.
Rusiya ilə yaxınlaşmanın lehinə ən mühüm arqument Rusiyanın kürdləri Suriya cəmiyyətinin ayrılmaz hissəsi hesab etməsi və Suriyanın parçalanması və ayrıca kürd ərazisinin yaradılmasının tərəfdarı olmamasıdır. Rusiya da öz növbəsində Türkiyə ilə ABŞ arasında münasibətlərin pisləşməsindən istifadə edərək, Suriya prezidenti Bəşər Əsəd rejimi məsələsində Türkiyənin mövqeyinə təsir göstərə bilib, o da Suriyanın şimalında kürdlərin ərazi qazanmalarından narahatdır.
Üstəlik, bu əməkdaşlıq formatı Ankaraya regionda iki əsas məqsədə nail olmağa imkan verdi: üç kürd kantonunun birləşməsinin qarşısını almaq və Şimali Suriyanı İŞİD-dən azad etmək. İranın ambisiyaları tarixən Fars körfəzinə yönəlib. Amma İran üçün Cənubi Qafqaz regionunun rolu yüksək olub və qalır. Üstəlik, dünyanın ən böyük ordularından birinə (təxminən 900 min nəfərə) malik olan 80 milyonluq İran hər hansı xarici və daxili siyasi vəziyyətdən asılı olmayaraq, həm regional, həm də qlobal miqyasda siyasi proseslərin fəal iştirakçısıdır. .
Fars körfəzinin o biri tərəfində İranı müttəfiq hesab etməyən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri var və Yaxın Şərqdə İsrailin rolu əhəmiyyətlidir - bu, İran terminologiyası ilə desək, İranın ümumiyyətlə mövcud olmaq haqqını inkar etdiyi “kiçik şeytan”dır.
Türkiyə ABŞ və Aİ-nin onu qəbul etməmək təhdidlərindən qorxmağı dayandırıb və Rusiyadan S-400 almasına görə mümkün sanksiyalara fikir vermir. Eyni zamanda Ankara İsrail, Misir və Səudiyyə Ərəbistanı ilə münasibətləri yoluna qoymağa çalışır. Fransa, Yunanıstan və İtaliya Türkiyəni iqtisadi cəhətdən zəiflədərək Şərqi Aralıq dənizinin sərvətlərindən uzaqlaşdırmağa çalışırlar. Və əgər türklər zəiflik nümayiş etdirsələr, bu, Rusiyanın çətin, lakin vacib bölgədəki iqtisadi maraqlarına da təsir edəcək.
Rusiya, Türkiyə, İran ittifaqında və Çinlə qarşılıqlı əlaqədə ölkələr ABŞ və ayrı-ayrı avropalı oyunçuların maraqlarına baxmadan Asiyadan Avropaya dəniz və quru yollarına nəzarət edə biləcəklər.
Əgər ABŞ yaxın vaxtlara qədər Rusiyanı Zaqafqaziyadan sıxışdırıb çıxarmaq, İranı bloklamaq siyasəti yürüdürdüsə, o zaman yaxın vaxtlara qədər ABŞ-ın və bütövlükdə Qərbin strateji tərəfdaşı olan Türkiyə İran və Rusiya ilə yaxınlaşmağa getdi. Bununla yanaşı, Moskva, Ankara və Tehranın iqtisadiyyatda, siyasətdə, ən əsası isə təhlükəsizlik sahəsində getdikcə daha çox ortaq maraqlara malik olması fakta çevrilir. Yaxın gələcək üçün bu, strateji oxdan daha çox “maraqlar klubu”dur, lakin o, real məzmunla doludursa və ən əsası, regional problemlərin həllində effektivdirsə, o zaman onu “üçlük”ün qarşılıqlı fəaliyyəti adlandırmaq olar. Rusiya, Türkiyə və İran milli dövlət olmadan əvvəl imperiya idilər. Qərb imperiyaları kimi və Çindən fərqli olaraq, vaxtilə idarə etdikləri ərazilərin çoxunu itiriblər. Lakin ərazilərin kiçilməsinin miqyası Qərbi Avropa imperiyalarında olduğu kimi əhəmiyyətli deyildi və onlar hələ də öz keçmiş imperiya rolunun elementlərini saxlayırlar.
Onlar "imperiya keçmişi"ndən tam intina etmədilər, onu hələ milli psixologiyalarının bir hissəsi kimi saxlayırlar. İran və Rusiyada olduğu kimi Türkiyədə də daxili və xarici siyasət əsasən onların Qərblə qeyri-müəyyən münasibətləri və qloballaşma ilə müəyyənləşir və təcrübələrinin oxşarlığı onların bir-birlərinin davranışlarını və narahatlıqlarını kifayət qədər yaxşı başa düşməyi bacardıqlarından xəbər verir.
Ehtiyatda olan bu üstünlüklə onlar tez bir zamanda münaqişədən əməkdaşlığa keçə bilərlər. Amma bu ittifaq tamhüquqlu birliyə çevrilərsə, o zaman dünya geosiyasəti üçün nəticələr inqilabi ola bilər.
Ülviyyə, Hurriyyet.az
https://russtrat.ru/reports/30-yanvarya-2022-0010-8417