ABŞ-ın Çin planı sızdı: Dəhşətli müharibə belə başlayacaq, bu ölkələr də qoşulacaq
Asiya-Sakit okean regionunda ABŞ və Çin arasında gərginlik artdıqca, beynəlxalq müdafiə mətbuatı Pentaqonun müharibə strategiyasını açıqlayıb. ABŞ Havay adalarında Çinə qarşı kütləvi “müharibə təlimi” keçirib.
Hurriyyet.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus idarə olunan raket esminesinin Çinin sahilyanı ölkələrlə suverenlik mübahisələri olduğu Cənubi Çin dənizində üzməsi iki ölkə arasında gərginliyə səbəb olub. Çin “Arleigh Burke” sinifli idarə olunan raket esminesi USS Hopper-in “qanunsuz olaraq öz ərazi sularına daxil olduğunu” iddia edərkən, ABŞ gəminin hərəkətinin beynəlxalq hüquqa uyğun olaraq “naviqasiya hüquqları və azadlığı” çərçivəsində “keçid” olduğunu müdafiə edib.
ABŞ Müdafiə Nazirliyinin 2024-cü maliyyə ili büdcəsində ən böyük payın Çinlə mübarizəyə ayrılması və ABŞ rəsmilərinin artıq NATO sessiyalarında Çinin ABŞ üçün təhlükəsizlik prioriteti olduğunu açıq şəkildə bəyan etməsi dünyanın diqqətini Sakit Okeanındakı gərginlik məsələsinə yönəltməsinə səbəb olub. ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) yaxınlığı ilə tanınan “Defence One” nəşri də mövzu ilə bağlı qeyri-adi təhlil məqaləsi dərc edib. "ABŞ Sakit Okean Ordusu Çinlə müharibəyə necə hazırlaşır?" başlıqlı təhlildə hərbi mənbələrdən əldə edilən məlumatlar yer alıb.

Əldə edilən məlumata görə, ABŞ Ordusunun Alfa bölüyü, Sakit Okean Ordusunun İkinci Batalyonu, Sakit Okean Ordusunun 35-ci Piyada alayı, Sakit Okean Ordusunun 3-cü Piyada Hücum Komandası, Sakit Okean Ordusunun 25-ci Piyada Diviziyası 7 noyabr 2023-cü ildə ABŞ-ın Havay adasında “Çinə qarşı əvvəlcədən planlaşdırılmış müharibə təlimi” həyata keçiriblər.
Pentaqon mənbələrindən əldə edilən məlumata görə, təlimdə iştirak edən hərbçilər eyni zamanda ABŞ-ın Çinlə mümkün müharibəsində ilk hərəkətə keçəcək qoşunlar kimi müəyyən edilib. Təlimdə həmçinin hərbi hissələrin cəngəllik mühitlərində, arxipelaqlarda və bataqlıqlarda nə dərəcədə effektiv mübarizə apara biləcəyi ölçülüb. Təlimdə 5 mindən çox İndoneziya, Tayland, İngiltərə və Yeni Zelandiya əsgərinin də iştirak etdiyi bildirilir. Təlimlərdə ən çox NATO terminologiyasında “Ada atlaması” adlandırılan Sakit okeanda bir çox arxipelaqı ələ keçirmək strategiyasının nəzərdən keçirildiyi məlumatı paylaşılıb.
Təlimi planlaşdıranlardan biri, Ordu Kəşfiyyatının kapitanı Sem Solideyin verdiyi məlumata görə, ABŞ rəsmiləri Çinlə baş verə biləcək qarşıdurmada ən böyük kozırlarının “Sakit okean coğrafiyasında döyüşməyi öyrənmiş paraşüt bölmələri” olacağını düşünürlər.

Təlimlər çərçivəsində Sakit Okean Dəniz Qüvvələri Xüsusi Qüvvələr Komandanlığına bağlı qüvvələrin və ABŞ Dəniz Piyadaları Korpusunun da “Çinin kritik adalarına sızma fəaliyyətləri” həyata keçirdiyi vurğulanır.
Nəşrin əldə etdiyi məlumata görə, ABŞ Çinlə mümkün qarşıdurmada 3 mərhələli hücum strategiyasına əməl edəcək. Birinci mərhələ "Ada atlama" fəaliyyətləri olacaq. Hərbi rəsmilər ABŞ-ın birinci mərhələyə “hazır” olduğunu düşünürlər. Təlimlərdən əldə edilən başqa bir nəticə isə odur ki, elektrodalğa, digər elektron döyüş alətləri və yüksək texnologiyaya malik avadanlıqların meşələrdə heç bir faydası yoxdur.
Pentaqondan əldə edilən məlumata görə, Vaşinqtondakı planlamaçılar Çinin ABŞ-ın hava və dəniz qüvvələrinə qarşı müdafiə strategiyası yaratdığını bilirlər və Çinin hücumlarını kiberməkanda və kosmosda həyata keçirəcəyini hesablayırlar. Bu səbəbdən ABŞ quru piyada qüvvələrini “okeanda döyüşə bilən” hala gətirir. Təlimlərdən əldə edilən nəticələrə görə, mümkün qarşıdurma zamanı cəngəllik coğrafiyasında “ən yaxşı gizlənə” və “qəfil hücumu həyata keçirə” bilən qüvvə quru qüvvələridir.
publika.az