ABŞ-ın hərbi analitik qurumundan MƏRUZƏ: Patruşev İrana Rusiyaya ballistik raketlərin tədarükü üçün gəlib
ABŞ-ın "Müharibənin Öyrənilməsi İnstitutu" (ISW) İran mediasının Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəyə səfəri ilə bağlı xəbərlərinə hesabat həsr edib. Qurumun ekspertlərinin fikrincə, onun səfərinin ehtimal olunan məqsədi “İran ballistik raketlərinin Rusiyaya potensial satışını müzakirə etməkdir”.
Patruşevin səfəri barədə İranın "Nour" agentliyi xəbər verir. Onun sözlərinə görə, Patruşevi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani dəvət edib. Agentlik səfərin məqsədi barədə yalnız onun Rusiya-İran əməkdaşlığını müzakirə etmək üçün gəldiyini yazır. "İRNA" dövlət xəbər agentliyi də Patruşevin səfərindən yazır. Rusiyanın rəsmi qurumları isə hələ Patruşevin səfərini açıqlamayıblar.
Qurumun hesabatının müəlliflərinin fikrincə, İranın Ali Milli Təhlükəsizlik Şurası “Patruşevin İrana gəlişini beynəlxalq auditoriyaya Moskva ilə Tehran arasında dərinləşən əməkdaşlığı nümayiş etdirmək və dolayısı ilə yüksək rütbəli Rusiya rəsmisinin Ukrayna hadisələri ilə bağlı yardım üçün İrana üz tutmasını qabartmaqdan ötrü xüsusi elan edib”.
Keçən həftə İran etiraf etmək məcburiyyətində qaldı ki, o, Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirmək üçün istifadə etməsi məqsədilə Rusiyaya kamikadze PUA-lar verir. Eyni zamanda, Tehran bu pilotsuz təyyarələrin Rusiya ilə Ukrayna arasında müharibə başlamazdan əvvəl gətirildiyini əmin edir, lakin buna dair heç bir sübut təqdim etmir.
Ukrayna hakimiyyəti İranın Rusiyaya orta mənzilli “yer-yer” raketlərini ötürə biləcəyindən də ehtiyat edir.
Hesabatın bu məsələ ilə bağlı xülasəsində deyilir ki, “Kreml beynəlxalq sanksiyaların təsirlərini yumşaltmaq və yerli silah-sursat ehtiyatlarının tükənməsini kompensasiya etmək üçün Ukraynada istifadə məqsədilə gizli şəkildə silah əldə etməyə cəhd etməkdə davam edir”.
Amerikalı ekspertlər Britaniya KİV-lərində Rusiyanın ələ keçirdiyi Qərb silahları ilə dolu yükü İrana təhvil verdiyinə dair xəbərlərə də istinad edirlər. Məsələn, "Sky News"un Müdafiə və Təhlükəsizlik redaktoru Debora Haynes məlumatlı mənbəyə istinadən bildirib ki, göyərtəsində 140 milyon avro ilə yanaşı Britaniya və ABŞ-ın "NLAW", "Javelin" və "Stinger" raketlərini ələ keçirmiş Rusiya təyyarəsi avqustun 20-də gizli şəkildə Moskvadan İrana uçub. Jurnalistin mənbəsinin sözlərinə görə, İrana göndərilən silahlar Rusiyanın ələ keçirdiyi Qərbdən Ukraynaya göndərilən silahların bir qismi olub.
Ülviyyə, Hurriyyet.az