📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın Rusiya XİN-ə verdiyi yazılı cavab məktubu açıqlanmayacaq

2022-01-27 13:03:00

ABŞ-ın Rusiya XİN-ə verdiyi yazılı cavab məktubu açıqlanmayacaq

Çərşənbə günü, yanvarın 26-da ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya XİN nazirinin müavini Aleksandr Qruşkoya təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabı təqdim edib. Bu barədə Rusiya XİN-dən məlumat verilib.
“Qruşko ABŞ-ın Moskvadakı səfiri Con Sallivanı onun xahişi ilə qəbul edib. Görüş zamanı ABŞ diplomatik missiyasının rəhbəri Rusiya tərəfinin əvvəllər təqdim etdiyi təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli razılaşma layihəsinə ABŞ Administrasiyasının yazılı cavabını təqdim edib”, deyə RİA Novosti xəbər verir.
ABŞ dövlət katibi Entoni Blinkenin jurnalistlərə verdiyi məlumata görə, ABŞ-ın cavabı “rəsmi təkliflər” deyil, Rusiya və ABŞ-ın birgə çalışa biləcəyi “müsbət məqamları” ehtiva edən fikir toplusudur. Bu fikir toplusu əsasən hücum xarakterli raketlərin yerləşdirilməsi, silahlara nəzarət və hərbi təlimlərə aiddir. Eyni zamanda, ABŞ NATO-da “açıq qapı” siyasətindən əl çəkməyəcək.
Blinkenin sözlərinə görə, cavabın hazırlanmasında ABŞ prezidenti Cozef Bayden iştirak edib. TASS xəbər verir ki, cavabın mətni müttəfiqlərlə və Kiyevlə razılaşdırılıb, həmçinin Konqresdə partiya liderlərinə verilib.
Bundan əvvəl isə Rusiya XİN naziri Sergey Lavrov Dövlət Dumasında "hökumət saatı"nda çıxış edərək, Vaşinqton istəsə, Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ-ın cavabını dərc etməyəcəyini, lakin Amerikanın cavabının mahiyyətinin ictimaiyyətə çatdırılacağını vəd etmişdi.
"Amerikalılar artıq deyirlər: "Bu cavabı heç kimə göstərmək lazım deyil." Əgər baş verən hər şeyə belə münasibət bəsləyirlərsə, yəqin ki, biz Amerika sənədini dərc edə bilmərik. Amma onların reaksiyasının mahiyyəti, bizim sənədlərə reaksiyasının məzmunu, təbii ki, Rusiya və digər ölkələrin ictimaiyyətinin bu barədə məlumatlandırılmasına layiqdir. Əminəm ki, biz bunu edə bilərik”, - Lavrov bildirib.
ABŞ-ın Rusiyanın tələblərinə mənfi cavab verəcəyi təqdirdə nə baş verəcəyi ilə bağlı sualı cavablandıran Lavrov bildirib ki, Rusiya rəhbərliyi ölkənin təhlükəsizliyinin maraqlarını və vətəndaşların hüquqlarını etibarlı şəkildə təmin edə bilib.
Rusiya prezidenti Vladimir Putinin daha əvvəl dediyi kimi, təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflər rədd edilərsə, Rusiya “bütün amilləri nəzərə alaraq, ilk növbədə etibarlı təhlükəsizlik maraqlarına uyğun qərar verəcək”.

Ülviyyə, Hurriyyet.az