📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"ABŞ-ın sayəsində Taliban silahlanması kifayət qədər ciddi xarakter daşıyır"

2021-09-02 11:30:00

Talibanın silah təchizatı hazırda 20 il əvvəl hakimiyyətdə olduğundan daha üstündür.

ABŞ qüvvələrini və diplomatik heyətini Əfqanıstandan tamamilə çıxardı. Beləliklə 30 avqust 2021 tarixində ABŞ tarixinin ən üzyn sürən döyüş əməliyyatları başa çatdı. ABŞ hələ Əfqanıstanda ikən prezident Əşrəf Qani ölkəni tərk etdi və Taliban paytaxt Kabil də daxil olmaqla ölkəni demək olar ki, bütün ərazisini nəzarətə götürdü.

Aprel ayında ABŞ Prezidenti Co Bayden bütün ABŞ əsgərlərinin 2021-ci il sentyabrın 11-nə qədər Əfqanıstanı tərk edəcəklərini açıqlamasından sonra bir çox ölkələr əşyalarını toplmağa başladılar. Ən erkən Əfqanıstanı tərk edən Ermənistan həmişəki kimi, müttəfiqlərini yarı yolda qoydu. Ölkəni ən son tərk edənlər Azərbaycan və Türkiyə hərbçiləri oldu.

Ölkə sərhədlərindən kənarda başladığı 20 illik müharibədə ABŞ 4 dəfə prezident dəyişdi. Onlardan birincisi olan C.Buş 11 sentyabr 2001-ci ildə Əl-Qaidənin ABŞ-a hücumundan sonra Əfqanıstan hakimiyyətində olan  Talibandan Əl-Kaidə lideri Usamə bin Ladeni Vaşinqtona dərhal təhvil verməyi tələb etdi. Bu tələb yerinə yetirilmədiyinə görə Prezident Corc Buş qısa müddət sonra “ABŞ qüvvələrinin Əfqanıstanda yerləşən terror qruplaşmasına və Taliban hədəflərinə hücumlara başladığını” elan etdi.

ABŞ-ın məqsədi Taliban rejiminin hərbi potensialını zəiflətməklə onu hakimiyyətdən uzaqlaşdırmaqdan və Əfqanıstanın terror əməliyyatları üçün bir baza olaraq istifadə edilməsinin qarşısını almaqdan ibarət idi. 

20 il əməliyyatlar müddətində ABŞ məqsədlərinə qismən nail oldu, amma Əfqanıstandan geri çəkilmə qərarından sonra məlum oldu ki, siyasi və hərbi rəhbərlik ən qısa müddətdə ölkəni Talibana təslim edəcək. Taliban bu dəfə hakimiyyətə həm Əfqanıstan, həm də ABŞ ordusunun silahlarını ələ keçirməklə sahibləndi. Talibanın silah və texnika təchizatı 20 il əvvəl hakimiyyətdə olduğundan indi daha üstündür. Bunda isə ABŞ prezidentlərinin xidməti böyükdür. 

ABŞ Əfqanıstana qoşun yeridəndə olduğu kimi, qoşunu bu ölkədən çıxaranda da tənqidlərə məruz qaldı. Qəfil geri çəkilməni tənqid edənlər daha çox oldu. Nəticədə ABŞ geri çəkildi və 2 trilyon dollar havaya sovruldu. Müharibə zamanı təxminən 2500 ABŞ əsgəri həlak oldu.  Minlərlə əsgər yaralandı, bundan dəfələrlə çoxu əlil oldu. ABŞ tarixində xarici torpaqlarda ən uzun müddət apardığı üzücü müharibədən sonra Əfqanıstanı müasir bi ölkəyə çevirə bilməyəcəyi anladı. 

2001 -ci ilin sonuna yaxın ABŞ qoşunları Əfqanıstanda Taliban hökumətini qısa bir zamanda devirdi və onun hərbi potensialını məhv etdi. 2001 -ci ilin dekabrında Talibanının qeyd-şərtsiz təslim olmaq təklifi ABŞ tərəfindən rədd edilmişdi. 20 il sonra isə Birləşmiş Ştatların ağıla gəlməyəcək sayda texnika və silahlarını ələ keçirən Taliban ilə danışıqlar masasına oturdu və ondan ölkədən çəkilməsi üçün atəşkəsi qəbul etmələrini istədi. 

2003 -cü ilin mayında ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeld Əfqanıstanda böyük əməliyyatların sona çatdığını elan edəndə bəziləri buna “imperiya məzarlığında müharibələr bitmir” cavabın vermişdilər. Əslində isə əməliyyatlar 2021-ci ilin avqustun 30-da, 90 zirehli maşını Kabil limanında məhv edən ABŞ hərbçilərinin təyyarə ilə yerdən ayrılmasının ardınca Taliban əsgərlərinin açdığı atəşfəşanlıq ilə başa çatdı. 

ABŞ və keçmiş Əfqanıstan hkimiyyəti sayəsində Taliban hazırda özünün ən üstün silahlanması dörünü yaşayır. Bu gün Taliblərin silahlanmasında 22174 “Humvee” zirehli maşını, 42000 ərazi maşını, 8000 yük maşını, 634 M117 BTR-i, 155 MXX Pro zirehli maşını, 169 M113 BTR-i, 162043 radiostansiya, 16035 gecə görmə cihazı, 385300 atıcı silah, 126296 tapança, 64363 pulemyot, 176 top, 33 Mi-17, 33 UN-60 “Black Havk” və 43 MD-530 helikopteri, 4 C-130 nəqliyyat təyyarəsi, 23 ədəd “Super Tucano” döyüş təyyarəsi, 28 ədəd “Cessna-208” və 10 ədəd “Cessna AC-208” təyyarəsi mövcuddur. Onların əksəriyyəti ABŞ istehsalıdır. 

Bəzi ABŞ silahlarının, o cümlədən “Black Havk” helikopterlərinin Taliban tərəfindən Pakistana və Çinə verilməsi şübhə doğurmir. Hər iki ölkənin aviasya istehsal potensialı bu vasitələri dərindən araşdırılmasını mümkün edir. 

Taliban əldə etdiyi silahlardan yalnız helikopterlərin, döyüş və mülki aviasiyasının, o cümlədən aeroport və aerodromların idarə edilməsi üçün digər ölkələrlə əməkdaşlıq etməyə məcburdur. Hərbi məsələdə yəqin ki, tək tərəfdaş Pakistan olacaq. Mülki məsələdə isə Türkiyə, Qatar və Çin yardımçı ola bilər. Görünür ki, Taliban maliyyə sıxıntılarını qısa müddətdə aradan qaldırmaq üçün eyni təklifləri çox sayda ölkəyə göndərir. Kim daha çiddi maliyyə yardımı təklif edərsə, Taliban onunla daha yaxımn əmkdaşlıq edəcək. Bu mənada Çin və Qətər daha real namizəd kimi ortaya çıxır. 

Əfqanıstan mürəkkəb bir ölkədir, 41 fərqli etnik qrupun yaşadığı və 30-dan çox müxtəlif dilin danışıldığı ölkənin idarəedilməsi də asan məsələ deyil. Amma Əfqanıstanda yaşayan vətəndaşların əksəriyyəti təkrar Talibanın hakimiyyətə qayıtmasna razı olmasının əsas səbəbi, korrupsiyanın bütün dövlət və özəl müəssisələrdə, hətta orduda və mədrəsələrdə geniş yayılması oldu. Əfqanlar ruşvətdən və ədalətsizlikdən bezdi, sonda isə hakimiyyətdən çox sərt bir şəkildə qisas aldı. Taliban isə bu faktorlardan maksimum yaralandı və hakimiyyəti kiçik itkilərlə ələ keçirdi. ABŞ-ın sayəsində Taliban silahlanması kifayət qədər ciddi xarakter daşıyır, amma bu Əfqanıstana yaxın zamanlarda sabitliyin bərqərar olunması anlamına gəlməz.