📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın yeni prezident namizədi qadın olacaq? Harris həm Trampı, həm Baydeni qabaqlayır

2024-07-24 11:35:42

ABŞ-ın yeni prezident namizədi qadın olacaq? Harris həm Trampı, həm Baydeni qabaqlayır

ABŞ-ın vitse-prezidenti Kamala Harris Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı 2 faiz qabaqlayır. Bu barədə “Reuters/Ipsos” sorğusunun nəticələri açıqlanıb.

Tədqiqat 22-23 iyul tarixlərində hazırkı prezident Co Bayden yenidən seçilməkdən imtina etdikdən sonra aparılıb. O, Kamala Harrisin Demokratik namizəd kimi irəli sürülməsini təklif edib. Kamala Harris isə avqustda Çikaqoda keçiriləcək partiya qurultayında iştirak edəcək nümayəndələrin əksəriyyəti tərəfindən dəstəklənib.

Sorğunun nəticələrinə görə, Harrisi respondentlərin 44%-i, Trampı isə 42%-i dəstəkləyib. 15-16 iyul tarixlərində keçirilən sorğuda onların hər ikisi 44%, 1-2 iyulda isə Tramp Harrisi bir faiz qabaqlayıb.

Qeydiyyatdan keçmiş seçicilərin təxminən 56%-i 59 yaşlı Harrisin “kəskin zehni və problemləri həll etmək qabiliyyətinə malik olması” ilə razılaşıb. 78 yaşlı Trampı respondentlərin 49%-i, 81 yaşlı Baydeni isə 22%-i bu cür təsvir edib.

Demokrat seçicilərin təxminən 80%-i Bayden haqqında müsbət fikirdə olduqlarını, 91%-i isə Harris haqqında eyni fikirdə olduqlarını bildiriblər. Sorğu iştirakçılarının dörddə üçü Demokrat Partiyasının Harrisin namizədliyini dəstəkləməsi ilə razılaşıb, dörddə biri isə namizədlik uğrunda bir neçə namizədin mübarizə aparmalı olduğuna inanıb.

Sorğuda iştirak edən seçicilərə ABŞ prezidentliyinə müstəqil namizəd Robert Kennedinin olduğu hipotetik bülleten göstərilib. Onu respondentlərin 8%-i, Harris 42%-i, Tramp isə 38%-i dəstəkləyib.

Tramp iyulun 23-də Harris Demokratların namizədi olacağı təqdirdə onunla bir neçə debat keçirməyə hazır olduğunu bildirib. O və Bayden iki dəfə, iyunda CNN-də və sentyabrda ABC-də debat etmək barədə razılığa gəliblər. Baydenin iyun ayındaki zəif performansı onun prezidentlik yarışından çıxmaq və Harrisi dəstəkləmək qərarına səbəb olub.

Ülviyyə, Hurriyyet.az