ABŞ İrana aid SEPAH-ı terrorçu siyahısından çıxaracaq? Ağ Ev Tehrana niyə güzəştə gedir?
ABŞ prezidenti Co Baydenə yaxın olan şəxslər hesab edirlər ki, İrana məxsus olan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) terror təşkilatları siyahısından çıxarıla bilər. Bu barədə "Reuters" martın 17-də Dövlət Departamentindəki məlumatlı mənbəyə istinadən xəbər verir.
Mənbə bildirib ki, Vaşinqton hələ də Tehranın keçmiş prezident Donald Trampın 2019-cu ildə verdiyi qərarın ləğvinə necə reaksiya verəcəyinə qərar verməyib. Qərar Amerikanın nüvə sazişindən çıxmasından sonra İrana beynəlxalq təzyiqlər qismində verilib.
"Bayden kabineti İranın bu təşkilatın regiondakı fəaliyyəti ilə bağlı bütün öhdəliklər və ya əməli addımlar müqabilində İİKK-nı terror təşkilatları siyahısından çıxarmaq imkanını götür-qoy edir", deyə mənbə "Reuters" agentliyinə deyib.
Digər mənbələr isə əlavə edib ki, bu, yeni nüvə müqaviləsi bağlamaq cəhdləri istiqamətində verilən son qərarlardan biridir. Dövlət Departamentinin sözçüsü Ned Prays İrana qarşı sanksiyaların aradan qaldırılmasının gündəmdə olduğunu desə də, ətraflı açıqlama verməkdən imtina edib.
Keçən həftə isə İran mənbəsi bildirib ki, İİKK-nın terror təşkilatları siyahısından çıxarılması məsələsi artıq 2021-ci ilin iyunundan müzakirə olunmağa başlayıb, lakin bu məsələ İbrahim Rəisinin prezident postuna seçilməsindən sonra əlavə çətinliklərə məruz qalıb. Mənbənin dediyinə görə ABŞ bildirib ki, İslam Respublikası tərəfindən ciddi kompromislər olmadan bu addım mümkün deyil. Lakin bu tələb İranın danışıqlar qrupunun rəhbəri Əli Baqiri Kani tərəfindən birmənalı şəkildə rədd edilib.
Ülviyyə, Hurriyyet.az