ABŞ İrana qarşı sanksiyaların bir qismini ləğv elədi - neft ucuzlaşacaqmı?
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Vyanada aparılan danışıqlar fonunda Birləşmiş Ştatlar İranın nüvə proqramı ilə bağlı bəzi sanksiyaları ləğv edib. Məlumatı İranın rəsmi İRNA informasiya agentliyi verib. Agentliyin məlumatına görə, ABŞ-ın Dövlət katibi Entoni Blinken İrnın mülki nüvə fəaliyyəti ilə əlaqədar tətbiq edilmiş bəzi sanksiyaların ləğv edilməsi ilə bağlı qərar qəbul edib.
ABŞ Dövlət Departamentinin Konqressə açıqlamasında bəyan edilir ki, bu addımlar nüvə müqaviləsinin tam icra edilməsinə səbəb ola və İranın bu razılaşma çərçivəsində öhdəliklərini yerinə yetirməsi yoluna qayıtmasına imkan yarada bilər.
Xatırladaq ki, 2015-ci ildə İranla nüvə müqaviləsinin imzalanmasından sonra dünya bazarında neftin kəskin ucuzlaşması qeydə alınmışdı. Hazırda isə neftin qiymətində ardıcıl bahalaşma müşahidə olunur. Dünən Londonun ICE birjasında keçirilən hərracda 2014-cü ilin oktyabrından bəri ilk dəfə “Brent” markalı neftin qiyməti bir barrel üçün 93 dollardan baha qiymətə – 93,05 dollara satılıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 99,30 dollar olub.
Hürr Tərcüman