📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

2021-10-30 13:05:00

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edir

 

 

Hurriyyet.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Tehranı qaynar nöqtələrə dronlar göndərmək yolu ilə münaqişələri daha da alovlandırmaqda ittiham edib. 

İran isə bunun qarşılığında bildirib ki, sanksiyalar İranın nüvə müqaviləsi ilə bağlı danışıqlara qayıtmağa hazır olduğunu bildirdikdən sonra tətbiq olunub.

ABŞ İranın PUA proqramına qarşı sanksiya tətbiq edib. ABŞ Maliyyə Nazirliyi cümə günü bəyan edib ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun iki briqada generalı və iki İran şirkətinə cərimə cəzaları kəsilib. Əgər onların ABŞ-da əmlakı varsa, həmin əmlak dondurulur, bu şəxslərin və şirkətlərin ABŞ-ın maliyyə bazarına çıxışı qadağan edilir.

Vaşiqnton Tehranı Yaxın Şərqdəki qaynar nöqtələrə dronlar göndərməklə münaişələri alovlandırmaqda ittiham edir. ABŞ Maliyyə nazirinin müavini Volli Adeyemo deyib: “İran və onun müttəfiqi olan ekstremistlər Amerika əsgərlərinə, tərəfdaşlarımıza və beynəlxalq gəmilərə hücum üçün dronlardan istifadə ediblər. Maliyyə Nazirliyi bundan sonra da məsuliyyətsiz və zorakı addımlarına görə İranı məsuliyyətə cəlb edəcək”. Məmurun sözlərinə görə, Tehran Livandakı “Hizbullah”, Yəməndəki “Husilər” hərəkatlarının döyüşçülərinə, həmçinin Efiopiyaya dronlar göndərib. O, Efiopiyadakı “böhranın alovlanmasının bütöv bir regionun sabitliyi üçün təhlükəli” olduğunu söyləyib.

İrana qarşı yeni sanksiyalar Tehranın iyun ayında Vyanada yarımçıq qalmış nüvə danışıqlarına qayıtmağa hazır olduğunu bəyan eləməsindən bir neçə gün sonra tətbiq edilib. Bundan sonra İran XİN təmsilçisi ABŞ Prezidenti Co Baydeni “ziddiyyətli davranmaqda” ittiham edib: “Vaşinqton bizə sanksiyalar tətbiq eləməklə heç bir etimad doğurmayan siqnal göndərmiş oldu”.

Hürr Tərcüman