📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ İranla nüvə anlaşmasına yaxın olduğunu açıqladı

2022-03-18 16:05:00

ABŞ İranla nüvə anlaşmasına yaxın olduğunu açıqladı

ABŞ açıqlama verib ki, yaxın bir neçə gündə İranla nüvə razılaşmasına nail olmaq mümkündür. Qərb diplomatları daha öncə deyiblər ki, Moskvanın tələbi Vyanada yekun razılaşmanın əldə olunması ehtimalını təhlükə altına qoya bilər.

Məlumatlara görə, ABŞ Dövlət Departamentinin sözçüsü "Newsweek" jurnalına açıqlamasında bildirib ki, çətinliklərə baxmayaraq, ABŞ hökuməti nüvə anlaşmasının dirçəldilməsi ilə bağlı İranla razılığa gəlmək üzrədir. O, habelə qeyd edib ki, yaxın bir neçə gün ərzində anlaşma əldə etmək mümkündür.
"Newsweek" jurnalı martın 17-də adını açıqlamadığı sözçüyə istinadən yazıb: "Danışıqlarda mühüm irəliləyiş əldə olunub və biz mümkün razılaşmaya yaxınıq. Müzakirələr mürəkkəb keçir və biz hələ də bir sıra çətin məsələlər üzərində işləyirik". O, əlavə edib ki, İranın atom proqramının sürətli irəliləyişi nəzərə alınarsa, anlaşma üçün vaxtın çox az qaldığını söyləmək olar.  
Maraqlıdır ki, "Reuters" xəbər agentliyi də İranın nüvə çalışmalarına dair xəbər paylaşıb. Belə xəbər verilir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik-MAQATE İranın 60%-lik uranının bir hissəsini deformasiya etdiyini müəyyən edib. Daha dəqiq desək, məlumat veriilir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik martın 6-dan 9-dək İranın 60 faiz zənginləşdirilmiş uranın 2,1 kiloqramını kiçik radiasiya məqsədləri üçün eyni zəngin və uyğun tərkibə malik başqa formada 1,7 kiloqram urana çevirdiyini təsdiqləyib. Məlumatda bildirilir ki, sözügedən beynəlxalq agentliyin əldə etdiyi bilgiyə görə, bu dəyərlər "UF 6"-nın yenidən əldə edilməsi, saflaşdırılması və ölkə kənarına daşınmasını daha da çətinləşdirən bir hala çevrilib. İranın bu addımının nüvə müzakirələrinin pozulmasına gətirib çıxarmayacağını vurğulayan "Reuters", bununla yanaşı, belə bir addımın İranın uran ehtiyatlarının ötürülməsi ilə bağlı danışıqları çətinləşdirəcəyini yazıb.
Xatırladaq ki, nüvə razılaşmasına əsasən, İran uran ehtiyatlarının bir hissəsini xaricə göndərməlidir və bu ölkə 3,67% zənginləşdirmə ilə 202 kiloqram maksimum uran miqdarına sahib ola bilər. Göründüyü kimi, xarici mediada İranın çalışmalarla ərsəyə gətirdiyi uranın nisbətən az zərərverici xüsusiyyətə malik olduğu səbəbi ilə tərəflərin nüvə anlaşmasının baş tutmasına daha da yaxınlaşdığının işarətləri verilir. Başqa sözlə İranla nüvə sazişinin mümkün olması fikri aşılanır ki, hətta böyük ehtimalla daha sonra İran nüvə silahına sahib olduğunu açıqlasa belə bu onun sanksiyalara məruz qalmasına gətirməyəcək. Çünki artıq Səudiyyə Ərəbistanı da nüvə silahına sahibliyə iddia edir. Türkiyəyə isə bu imkanı Rusiya təmin edə bilər. Türkiyə üçün Mersin bölgəsində atom stansiyası inşa etməkdə olan Rusiyanın bunu etməyəcəyinə zəmanət yoxdur. Üstəlik qonşularının nüvə silahına sahiblənməsiylə Türkiyənin də buna sahiblənməsi zərurətə çevrilir. Çünki atom enerjisi "yaşıl enerji" sferasına daxil olduğu üçün atom və nüvə çalışmalarının dinc məqsədlərlə və yaşıl enerjiyə sahib olmaq məqsədilə regional güclərin də sahib olmaq istəyəcəyi imtiyaza çevriləcək. Digər tərəfdən isə atom və nüvə silahı ölkənin təhlükəsizliyinin qarantı kimi də qəbul edilir. Bu səbəbdən regional güclərin ona sahiblənməsi qaçılmaz görünür. Üstəlik böyük ehtimalla BMT-nin Təhlükəsizlik Şurasının da üzv ölkələrinin sayının artacağı və bu üzvlərin də nüvə yaxud atom silahına sahib olmağa namizəd olan ölkələr olacağı görünür.

Ülviyyə, Hurriyyet.az